Ermənistanda hakimiyyət dəyişə bilərmi? – AÇIQLAMA
“Ermənistanda II Qareginin siyasi şousuna alət olan keşiş Baqrat Srbazanın etiraz mitinqləri mövsümü xarakter daşıyır və yaxın günlərdə ötüb keçəcək”.
Bunu BEY.AZ-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili vurğulayıb ki, mənasız siyasi ambisiyaya düşərək guya xalq hərəkatının liderliyini üzərinə götürən erməni keşiş keçmiş prezident Köçəryanın ortaya atdığı adamdır:
“Ölkədə müxalifətin sırasından normal bir lider tapılmadığından Köçəryan-Sarkisyan cütlüyü və revanşistlər kilsə xadimini irəli salıblar. Bu isə Ermənistanın siyasi həyatının olduqca acınacaqlı bir duruma düşdüyünü göstərir.
Keşiş Baqrat əslində uğursuz bir layihədir. Onu irəli atanlar Ermənistanda yetkin və yeni müxalif lider olmadığından kilsə amilindən istifadə edirlər. Siyasi planı olmayan və koordinasiyasız təşkil edilən “Vətən naminə Tavuş” hərəkatı müxtəlif dindarların və Xankəndindən qaçmış 5-10 min adamın bir yerə yığışdığı pərakəndə bir siyasi kampaniyadır, xalq tərəfindən dəstəklənmir”.
A.Hüseynovun sözlərinə görə, Baqrat heç vaxt hakimiyyətə gələ bilməz, xalqın heç bir faizi onu dəstəkləmir:
“Ümumiyyətlə, erməni cəmiyyətində revanşistlərin heç bir dayağı və müdafiəçi yoxdur, insanlar artıq Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik və revanşizmdən yorulublar, onlar dinclik və normal həyat istəyirlər. Ona görə də, Ermənistanda Paşinyanı dəstəkləyənlər daha çoxdur. Ölkədəki mühit də göstərir ki, sadə erməni əhalisi də Azərbaycan və Ermənistan arasında davam edən delimitasiya məsələlərinin və sülh danışıqlarının davam etdirilməsinin tərəfdarıdır”.
Gülbəniz Hüseynli / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |