fbpx

Ekoloji maarifləndirmənin önəmi və medianın təbliğatda rolu

Rüya Yorumları burda


Ekologiya və ətraf mühit problemləri cəmiyyətin qarşısında duran əsas problemlərdən biridir. Odur ki, bu sahədə maarifləndirmə işlərinin aparılması və məlumatlılığın artırılması da olduqca vacibdir. Bəs bu istiqamətdə medianın rolu nədən ibarətdir, Azərbaycanda media ekologiyanın qorunmasına dair təbliğatın aparılmasında aktiv iştirak edə bilirmi?

BEY.AZ mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib ki, ekoloji problemlər bəşəriyyəti düşündürən ən vacib problemlərdəndir:

“Bu gün ekologiya qlobal müstəvidə müzakirəyə çıxarılan əsas məsələlərdəndir. Əlbəttə ki, medianın da bu problemlərin işıqlandırılması, bu istiqamətdə düzgün və səmərəli təbliğat işinin təşkil edilməsində olduca böyük töhfələri var. Çünki media ictimai rəyi formalaşdıran, ictimaiyyəti formalaşdıran ən ciddi təsir vasitəsidir, ən vacib təsisatdır. Bu mənada medianın üzərinə böyük yük düşür. Hətta biz qlobal jurnalistikaya nəzər yetirsək görərik ki, bu gün ekoloji jurnalistika deyilən sahə inkişaf edir. Necə ki, biz idman jurnalistikası, kriminal jurnalistika, iqtisadi jurnalistikadan danışırıq, eləcə də ekoloji jurnalistika ayrıca bir istiqamətdir. Beynəlxalq arenada bu sahəyə olduqca çox diqqət var və izlənilir.

Bu istiqamətdə maarifləndirmənin düzgün aparılmasında jurnalistlərin böyük rolu var. Dəyərli jurnalistlərimiz də bu sahədə kifayət qədər işlər görürlər. İstər televiziyada, istər onlayn mediada bununla bağlı müxtəlif mövzular gündəmə gətirilir, maarifləndirmə işi təşkil edilir, ekspertlərin rəyləri təqdim olunur. Çox istərdim ki, gələcəkdə bizdə ekoloji jurnalistika məktəbi də olsun, bu sahənin mütəxəssisi olacaq jurnalistlərimiz yetişsin”.

Rüya tabirlerini burdan oku

Vüqar Zifəroğlunun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı problemlərə hər zaman diqqətlə və həssas yanaşan ölkə olub:

“Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi, noyabr ayında Azərbaycanda olduqca ciddi, qlobal mənada böyük əhəmiyyətə malik COP29 tədbiri keçiriləcək. Biz bir ölkə olaraq ekologiya ilə bağlı problemlərə hər zaman diqqətlə və həssas yanaşmışıq. Əgər bunun bir səbəbi Azərbaycanın bir ölkə olaraq qlobal miqyasda ekoloji problemlərin həllinə öz töhfəsini vermək istəyidirsə, həm də ikinci bir səbəbi də mövcuddur. Azərbaycan uzun illər düşmən ölkənin tətbiq etdiyi ekoloji terrordan əziyyət çəkib. Bu gün biz işğaldan azad edilən ərazilərimizdə nə qədər quruyan bulaq görürük, bu ərazilərdə flora və faunası məhv edilmiş torpaqlar, çirklənmiş çaylar görürük”.

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq, jurnalist Lalə Mehralı bildirib ki, ekoloji məlumatlılıq səviyyəsi bu ilə qədər bizim ölkəmizdə zəif idi:

“Azərbaycanda COP29 tədbiri keçiriləcək deyə, mətbuat bu sahəyə aid daha çox materiallar dərc etməyə başladı və nəticədə cəmiyyət daha çox maarifləndirildi. COP29-un Azərbaycanda keçirilməsi mətbuatda bu sahəni oyatdı. Ekoloji mövzularda mediada canlanma oldu, ekoloqlar və jurnalistlər canfəşanlıq göstərdilər. Ekologiya daim mətbuatın ana mövzularından biri olmalıdır”.

Sosioloq qeyd edib ki, ekologiya və ətraf mühit problemləri hamı üçün maraqlı olmalıdır:

“Bundan əvvəl də bu sahədə işləmək lazım idi, çünki ekoloji problemlər dünyanın sonunu gətirə bilər və bu, bizim hamımızı maraqlandıran bir mövzudur. Ekologiya hamımıza maraqlı olan bir nəsnədir, bu bir geyim deyil ki, ondan istifadə etməyə və ya etməməyə özümüz qərar verə bilək. Havadır, sudur, təbiətdir, bunlar hamımızı əhatə edir. Ona görə, hamımızda ekoloji savadlılıq səviyyəsi yüksək olmalıdır. Övladlarımıza bunu təlqin etməliyik, onlar ailədə öyrəndiklərini bağçada, məktəbdə davam etdirməlidir.

Hamı bir nəfər kimi bu dünyanı qorumalıdır. Bizim gedəcək başqa bir dünyamız, planetimiz yoxdur. Biz burada havanı, suyu, atmosferi, meşələri, səhraları qorumasaq, gələcək nəsillər üçün yaşanılacaq bir dünya qoya bilməyəcəyik. Ona görə də, mətbuatda, məktəblərdə, bütün sferalarda işləyən insanlar birləşməli və ekoloji savadlılığı artırmağa çalışmalıdırlar”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova mövzu ilə bağlı danışarkən bildirib ki, cəmiyyətdə ekoloji dünyagörüşünün formalaşdırılması vacib bir fəaliyyətdir və bu məqsədlə ölkəmizin qanuvericiliyində ekoloji məsələlərə dair kifayət qədər təsbitlər mövcuddur:

“Hesab edirəm ki, ekoloji dünyagörüşünün ən sadə açıqlaması təbiəti dərk edib onu sevmək, bizi əhatə edən təbii mühitə həssaslıq göstərib, qayğısına qalmaqdır. Lakin heç də hər zaman inzibati – administrativ qaydada ekoloji problemlərin həlli mümkün olmur. Deməli, cəmiyyətdə ekoloji dünyagörüşünün formalaşması üçün davamlı təbliğat, təşviqat işlərinin aparılması da zərururidir və bu təcrübə bütün dünya ölkələri üçün xarakterikdir. Məsələn, ağac kəsən bir şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılır, təəssüflər olsun ki, başqasının da anoloji hərəkətlərinə rast gəlinir. Yaxud təbiəti zibilləyən fiziki və ya hüquqi şəxs cəzalandırılır, cərimə edilir, amma ardınca yeni belə bir faktla qarşılaşırıq”.

İradə İbrahimovanın sözlərinə görə, nazirliyin ətraf mühitin mühafizəsi sahəsindəki çoxsahəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biridir:

“Təbliğat işi dayanmadan aparılmalıdır, mütləq ictimai qınaq fəaliyyəti təşviq edilməlidir. Bununla bağlı biz, nazirlik olaraq təbliğat işlərini həm sosial media üzərindən, həm də ənənəvi media ilə sıx əməkdaşlıq şəraitində davam etdiririk.

Yeri gəlmişkən, nazirliyin fəaliyyətini daim diqqətdə saxlayaraq bizə hər zaman dəstək göstərən media qurumlarına nazirlik adından çox sağ ol deyirik, təşəkkürümüzü bildiririk. Cəmiyyətimizin ekoloji sahədə maarifləndirilməsində, ətraf mühitə loyal münasibətlərin formalaşmasında medianın rolu əvəzolunmazdır. Bu sahədə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidlərimiz sonsuzdur. Biz hər bir kəsi laqeyd olmamağa, təbiəti sevməyə və qorumağa çağırırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 23 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 noyabrda Azərbaycanda keçiriləcək.

Cavidan Mirzəzadə / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu