fbpx

Məktəblərdə telefondan istifadə qadağan edilməlidir?

Rüya Yorumları burda


Şagirdlərin mobil telefondan istifadəsi barədə tez-tez müxtəlif fikirlər səsləndirilir. Şagirdin dərs vaxtı sosial media hesabından canlı yayım açması, sinifdə baş verənləri qeydə alaraq paylaşması kimi hallara da çox rast gəlirik. Ümumilikdə şagirdin məktəbə telefon gətirməsinin onun fikrini dərsdən yayındırdığını düşünənlər çoxdur. Bütün bunları nəzərə alsaq, şagirdin məktəbə mobil telefon gətirməsinə rəsmi qadağa qoyulması doğru olar?

BEY.AZ mövzu ilə bağlı mütəxəssislərin rəyini öyrənib. Təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirərkən deyib ki, məktəblərdə yaşanan bəzi xoşagəlməz hadisələr telefonun gətirdiyi nəticələrdir, buna görə də, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur:

“Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda, dərsin gedişatı pozulur. Ölkəmizdə 1 milyon 600 min şagird təhsil alır və demək olar ki, onların hər biri mobil telefon işlədir. Belə olduğu halda, orta məktəblərdə təhsilin yüksək keyfiyyəti barədə danışmaq düzgün deyil.

Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-nin 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması, yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər.

Təlim-tərbiyə mühitinin pozulmasında şagirdlərin telefondan istifadəsinin səbəb olduğuna dair kifayət qədər nümunələr gətirmək olar. Bunun da əsas səbəblərindən biri, adətən əlaqə vasitəsi kimi düşünülmüş mobil telefon aparatının bu gün daha çox imkanlara malik olmasıdır ki, bu imkanlardan istifadə edərək şagirdlərin müəyyən bir hissəsi sosial şəbəkələrə qoşulur, şəkil çəkir, oyunlar oynayır, internet saytlarında zaman keçirir, sinifdə baş verən xoşagəlməz hadisələri telefonun yaddaşına köçürür”.

Rüya tabirlerini burdan oku

Ekspert məsələyə digər tərəfdən də toxunub. O bildirib ki, telefon şagirdlərin valideynləri ilə əlaqə saxlaya bilməsi üçün lazımdır və telefonlara qadağa qoyulmasının mənfi nəticələri də ola bilər:

“Şagirdə telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni onun məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir. Amma təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar.

Xüsusilə indiki kimi çətin dönəmdə, əsasən də aşağı sinif şagirdlərinin valideynləri ilə əlaqəsini kəsmək daha neqativ hadisələrə səbəb ola bilər. Bu baxımdan şagirdlərin telefonu olmalıdır. Sadəcə olaraq məktəbdə şagirdlərə tapşırılmalıdır ki, dərs vaxtı telefonlarını söndürsünlər”.

Sosioloq, jurnalist Lalə Mehralı mövzu ilə bağlı danışarkən qeyd edib ki, məktəblərdə telefonlardan istifadə birmənalı şəkildə qadağan olunmalıdır:

“Koronavirus pandemiyasından sonra dərslərin onlayn sistemə keçməsi, təhsil sisteminə də çox ciddi zərər verdi, çünki həm müəllimlər, həm şagirdlər ənənəvi təhsil metodlarından yayındılar. Ümumilikdə bütün təhsil sistemi smartfonlardan asılı hala düşdü. Pandemiyadan sonra da bəzi alışqanlıqlar olduğu kimi saxlanıldı. Məsələn, əvvəllər summativ qiymətləndirmələr kağızlarda çap olunurdusa, indi pdf formada telefonlara göndərilir.

Buna görə də, smart telefonu olmayan da məcbur olur alır. Yəni bəzi şagirdlərə telefonun alınması məcburiyyətdən oldu. Öz rahatlığı üçün övladına telefon alan, nigaran qaldığı üçün telefon alan valideynləri istisna edirəm. Amma ümumilikdə məktəblərdə telefondan istifadəni məhdudlaşdırmaq lazımdır. Çünki uşaqlar smartfonlarda təkcə dərslə məşğul olmurlar, eyni zamanda dərsdən də yayınırlar”.

Mövzuya münasibət bildirən deputat Ceyhun Məmmədov qeyd edib ki, bu gün dünyanın müxtəlif ölkələrində bu məsələ ilə bağlı fərqli yanaşma var:

“Bəzi ölkələr bu qadağanı tətbiq edirlər, burada da əsas məqsəd və hədəf telefonların dərs prosesinə mənfi təsirinin qarşısının alınmasıdır. Düşünürəm ki, biz Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar ata bilərik. Mən düşünürəm ki, qadağan olunmalıdır. Ən azından nəzarətli formada istifadə qaydası nəzərdə saxlanılmalıdır. Çünki əksər hallarda telefonlar tədris prosesinə mənfi təsir göstərir və şagirdlərin fikrini dərsdən yayındırır”.

Cavidan Mirzəzadə / BEY.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu