fbpx

Azərbaycan 8 ayda qaz hasilatını 2,5 % artırıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 33 milyard kubmetr təbii qaz hasil edilib.

BEY.AZ xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin 8 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 0,8 milyon kubmetr və 2,5 % artımla qaz hasil edilib.

Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5,1 milyard kubmetr təbii qaz hasil edib. SOCAR üzrə qaz hasilatının həcmi bir il öncəki göstəricidən 0,7 milyard kubmetr və ya 12,1 % azdır.

Bildirilir ki, hasil edilən qazın 8,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 18,1 milyard kubmetri “Şahdəniz” yatağından, 1,1 milyard kubmetri “Abşeron” yatağından hasil olunub.

2023-cü ilin ilk 8 ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı 0,1 milyard kubmetr və ya 1,2 % çoxdur. “Şahdəniz” yatağından qaz hasilatı isə 0,5 milyard kubmetr və ya 2,8 % artıb.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİCO (10 %) “SGC Upstream” (21,02 %) şirkətləri iştirak edir.

“Abşeron” yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində “Şahdəniz” yatağından sonra ikinci böyük qaz yatağıdır.

“Abşeron” yatağı üzrə 2009-cu ildə Fransanın “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. Hazırda Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) “Abşeron” qaz-kondensat yatağındakı payı 30 %, SOCAR və “TotalEnergies” şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin