fbpx

Ermənistanda yaradılan dezinformasiyaların ictimai rəyə ötürülmə mexanizmi

Rüya Yorumları burda


Ermənistanla Azərbaycan arasında real müharibə 2020-ci ildə 44 günlük müharibə ilə bitib. 4 ilə yaxındır ki, tərəflər arasında sülh danışıqları aparılır. Baş nazir Nikol Paşinyan Azərbaycanın çağırışlarına cavab olaraq, öz tərəfindən elan edib ki, iki ölkə arasında sülhün əldə edilməsi üçün çalışır. O, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 2023-cü il fevral 18-də keçirilən debat zamanı “Ermənistanın sülh istədiyini” iddia edib.

2023-cü il avqustun 2-də “Euronews” televiziyasında yayımlanan müsahibəsi zamanı da eyni iddianı təkrarlayıb. Bu tonda açıqlamalarını 2024-cü il may ayının 7-də keçirdiyi geniş mətbuat konfransında davam etdirib. 2024-cü ilin noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalana biləcəyini dilə gətirib. 2024-cü il sentyabrın 18-də keçirilən “2-ci Qlobal Erməni Sammiti” zamanı da baş nazir eyni fikirləri təkrarlayıb. Ermənistan hökumətinin Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün keçid məntəqələri yaratmağa hazır olduğunu bəyan edib. Tavuş bölgəsində sərhədlərin demarkasiya prosesinə başlanılmasını isə iki dövlət arasında aparılan sülh danışıqlarının real nəticəsi kimi dəyərləndirib (https://eupoliticalreport.com/armenia-and-azerbaijan-negotiate-peace-treaty/ ).

Amma Ermənistan hökumət başçısının media subyektlərinə verdiyi bu açıqlamalarla onun gerçək fəaliyyəti arasında uyğunsuzluq görünür. Nikol Paşinyan iki ölkə arasında sülhün bağlanılması üçün zəruri olan gerçək addımları atmır. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində deyib ki, əgər Ermənistan gerçəkdən sülh müqaviləsinə nail olmaq istəyirsə, referendum yolu ilə Ermənistan Konstitusiyasında zəruri olan dəyişiklikləri həyata keçirilməli, erməni xalqının bu mövzuya mövqeyini ifadə etməlidir: “Erməni xalqı Qarabağın Ermənistana birləşdirilməsi kimi utopik iddialarına son qoyduğunu, Azərbaycanla sülh şəraitində yaşamaq niyyətini konstitusional əsasda ifadə etməlidir. Ermənistanın bu yöndə təkliflərimizə 70 gün ərzində cavab verməməsi özlüyündə suallar doğurur” ( https://qafqazinfo.az/news/detail/ermenistana-munasibetde-yeni-marsal-plani-hazirlanir-447744 ).

Ermənistan tərəfi sülh müqaviləsi imzalamaqdan yayındığını təkcə konstitusiya referendumunu gecikdirməklə deyil, həm də sürətli formada silahlanmaqla büruzə verir. O, yeni müharibəyə hazırlaşır kimi görünür. Məsələn, Fransanın müdafiə nazir Sebastyan Lekornun ermənistanlı həmkar Suren Papikyanla görüşləri son 2 il ərzində intensiv xarakter alıb. Baş nazir Nikol Paşinyanın prezident Emmanuel Makronla təmasları da eyni tezlikdə davam edib. 2024-cü il fevralın 23-də iki ölkə arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Fransa Ermənistanı təkcə müdafiə qurğuları ilə deyil, həm də müasir hücum silahları ilə təmin edəcək. Yəni, Fransa öz müttəfiqini hərbi baxımdan qüdrətli dövlətə çevirməyə çalışır.

Yunanstan və Hindistan da Ermənistanın Cənubi Qafqazda hərbi baxımdan üstün dövlətə çevrilməsi prosesində rol alır. Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendias 2024-cü il martın 4-də Ermənistana səfər edib. İki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunaraq, qarşılıqlı yardım üçün razılaşmalar əldə edilib. Hindistan isə Ermənistana 245 milyon dollar dəyərində silah tədarük etmək üçün öhdəlik götürüb. Strateji əhəmiyyət kəsb edən ixrac mallarının Ermənistana daşınması üçün xüsusihava dəhlizi yaradıb.

Rüya tabirlerini burdan oku

2024-cü il iyulun 23-də Avropa İttifaqı Şurası “Avropa Sülh Fondu” çərçivəsində Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün 10 milyon avro məbləğində yardım göstərilməsinə qərar verib.

Bu və digər faktları uyğunlaşdırıb təhlil edəndə belə nəticə çıxır ki, Ermənistanın ətrafında yeni hərbi aliyans formalaşdırılır. Ermənistanda revanşizm meyllərinin artmasına, yenidən təcavüzkar siyasət həyata keçirməsinə təkan verilir. Fransa başda olmaqla bir sıra digər dövlətlərin verdikləri dəstək nəticəsində Ermənistan Cənubi Qafqazda neokalonolist siyasəti icra edəcək güc mərkəzi halına gətirilir. Təbii ki, bu xidmətinin qarşılığında öz ambisiyalarının təmin edilməsi üçün dəzəmanət alır. Sinxron şəkildə Azərbaycana qarşı revanşist hərəkətlənmə müşahidə olunur.

Amma bütün bunlar beynəlxalq ictimai rəyə fərqli formada təqdim edilir. Cənubi Qafqazı geopolitik oyunlara cəlb edən ABŞ və Qərb mərkəzləri Ermənistanı hərbiləşən, qisasçılıq ruhu ilə yaşayan, regionda yeni münaqişələr planlaşdıran dövlət kimi deyil, “zərərçəkən ölkə” kimi təqdim edirlər. Elə rəy yaradırlar ki, guya Azərbaycan Ermənistan ərazilərini işğal etməyə hazırlaşır. Qərb mərkəzləri Ermənistanı təcavüzə məruz qalan, Azərbaycanı isə işğala hazırlaşan dövlət kimi təqdim edirlər.

Həm Ermənistan, həm də Qərb mediası bu sahədə planlı və sinxron şəkildə təbliğat aparır, beynəlxalq rəyi çaşdıran tezislər yayırlar. Xüsusilə ABŞ media şəbəkəsi bu təbliğatın önündə görünür. Məsələn, ABŞ-nin Cənubi Qafqaz üzrə ixtisaslaşmış təbliğat qurumlarından olan “JAMnews” 02 fevral 2024 tarixində yayımlanmış məqaləsinə belə başlıq qoyub: “Paşinyan sülh axtarır, Azərbaycan isə müharibəyə hazırlaşır” ( https://jam-news.net/probability-of-armenia-azerbaijan-war-opinion/ ) . Diqqət yetirsək görərik ki, “Amerikanın səsi”, “Azadlıq Radiosu”, “OC Media” və bu sırada dayanan ABŞ KİV-ləri, o cümlədən, “France-24” TV, “Le-Monde” və digər Fransa KİV-ləri qərəzli şəkildə yaydıqları dezinformasiyalarla haqsız olaraq Azərbaycanın təcavüzkar obrazını yaratmağa çalışırlar.

2024-cü il iyulun 18-də “Avropa Siyasi İcması”nın Londonda keçirilən tədbiri çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsinə təşəbbüs göstərildi. Tədbirə ev sahibliyi edən Böyük Britaniya bu təşəbbüsü “Münxen Təhlükəsizlik Konfransı”nda Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatının davamı kimi gündəmə gətirdi. Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdən birtərəfli qaydada imtina etməklə, sülh danışıqlarından yayındığını rəsmən büruzə verdi. Buna rəğmən, Ermənistan mediası görüşün baş tutmamasına görə Azərbaycan tərəfini günahlandırmağa çalışdı (https://armenpress.am/en/article/1195972). Fransa və ABŞ KİV-ləri də Paşinyanı qınaq obyektinə çevirmək əvəzinə, “erməni şəbəkəsi”nin təbliğatına qoşulub Azərbaycanı haqsız çıxarmağa çalışdılar.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTD İB) Ermənistan mediası üzərində apardığı 5 aylıq monitorinqin nəticələri göstərir ki, bu ölkənin KİV-ləri sülhyaratma prosesinin əleyhinə çalışırlar. Onlar öz cəmiyyətlərində sülhə meyl yaradılmasına deyil, əksinə, ölkənin hərbi-siyasi rəhbərliyinin yalanlarını tirajlamağa, qisasçılıq hissinin artırılmasına stimul verirlər. Belə davranış təkcə Ermənistanın “sülh istikləri”nə deyil, həm də media üzrə beynəlxalq prinsiplərə ziddir. Beynəlxalq statuslu Free Press Unlimited təşkilatının hazırladığı “Sülh quruculuğu və media” adlı hesabatda, həmçinin, “Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və münaqişə hesabatı”nda göstərilir ki, münaqişə tərəfi olmuş icmaların sülhə hazırlanması üçün istifadə edilməsi tövsiyyə olunan alətlərdən biri də mediadır. Adı çəkilən sənədlərdə vurğulanır ki, münaqişədə olmuş cəmiyyətlərin barışdırılması üçün peşəkar medianın, jurnalistikanın imkanlarından istifadə edilməli, media sülh quruculuğu prosesinə dəstək verməlidir ( https://BEY.AZ/news/1477873/medianin-sulh-quruculugu-prosesinde-istirakina-mane-olan-ami.html). Son 4 il ərzində Ermənistan mediasında paylaşılan materialları təhlil edərkən, erməni cəmiyyətinin sülhə hazırlandığı müşahidə olunmur. Əksinə, burada revanşizmə çağırış, Azərbaycan əleyhinə dezinformasiyalar yer tutur. Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTD İB) Ermənistan mediasının sülhyaratma dövründə yanlış yol tutduğunu, sülh əleyhinə çıxışların tribunasına çevrildiyini isbatlamaq üçün faktoloji mənbə yaradıb. Bu məqsədlə ingilis və rus dilində versiyası olan 3 Ermənistan KİV-i (1 müstəqil, 1 müxalifyönlü, 1 iqtidaryönlü KİV subyekti) 5 ay müddətində monitorinqə cəlb edilib. Həmin KİV-lərdə dərc edilmiş sülh əleyhinə çağırışlar, Azərbaycana qarşı nifrət çıxışları və dezinformasiyalar toplanılaraq təsnifatlaşdırılıb. Sülh əleyhinə çağırışları ehtiva edən materiallardan ibarət olan hesabatlar hazırlanıb.

Monitorinqlər zamanı daha bir nüans aşkara çıxarılıb. Aydın olub ki, Ermənistan KİV-lərində, həmçinin, onların beynəlxalq havadarı olan transmilli KİV-lərdə dərc edilən dezinformasiyaların dünya ictimaiyyəti ilə yanaşı, Azərbaycan auditoriyasına ötürülməsi də təşkil olunur. Bu kontekstdə xarici ölkələrdə məskunlaşmış, ictimai rəydə “söyüş müxalifəti” kimi tanınan qrupların idarə etdikləri informasiya resurslarından istifadə edilir. Məsələn, BBC özünün 18 sentyabr 2024-cü il tarixli buraxılışındaAzərbaycan həbsxanalarında Ruben Vardanyan və digər ermənilərlə nə baş verir?” başlığı ilə məqalə dərc edib. Qeyd edib ki, Bakıda keçiriləcək COP 29 tədbirləri ərəfəsində separatçı liderlərdən Ruben Vardanyan və digər əsirlərin işi üzrə beynəlxalq kampaniya təşkil olunacaq. Ermənistan KİV-lərindən “News.am” və digərləri həmin məqaləni təkrarən paylaşaraq, Azərbaycan əleyhinə istifadə ediblər. Separatçı liderlərin “haqsız yerə tutulduqlarını”, “həbs müddətində hüquqlarının pozulduğunu” iddia ediblər ( https://news.am/arm/news/842981.html ). Məqalə xarici ölkələrdə fəaliyyət göstərən azərbaycandilli internet TV-lər tərəfindən də paylaşılıb. Bu TV-lərdə çıxış edən mühacir siyasətçilər “Ruben Vardanyana haqq qazandırmağa” çalışıblar. Dolayısı ilə Ruben Vardanyanın məhbus hüquqlarının pozulması kimi cəfəng ideyalara yer veriblər.

Bənzər faktların sayı kifayət qədər çoxdur. Hesab edirik ki, bu platformalar monitorinqə cəlb edilməli, həmin platformalarda yayımlanan dezinformasiyalar qeydə alınmalı, onların yanlışlığını isbatlayan informasiyalar dövriyəyə buraxılmalıdır.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.

Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ


QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA


DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu