Nuri Şahindən “Real Madrid” ilə oyun öncəsi sürpriz qərar
“Borussiya Dortmund”un baş məşqçisi Nuri Şahin “Real Madrid” ilə keçiriləcək qarşılaşma öncəsi gözlənilməz qərar qəbul edib.
BEY.AZ xəbər verir ki, türk məşqçi taktiki planlarının aşkarlanmaması üçün komandasının “Santyaqo Bernabeu”da məşq etməsinə icazə verməyib.
“Bild” qəzetinin məlumatına görə, Dortmund komandası son məşqini Almaniyada keçirərək daha sonra İspaniyaya yola düşüb. Məlumatda Dortmundun indiyə qədər belə addım atmadığı qeyd edilib.
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti bu mövzuda maraqlı açıqlamalar verib. İtaliyalı mütəxəssis açıqlamasında “Dortmund haqqında hər şeyi bilirik. Onları izləməyə ehtiyacımız yoxdur” deyib.
Qeyd edək ki, gənc mütəxəssis 2011-2014-cü illərdə futbolçu kimi İspaniya nəhənginin formasını geyinib. O dövrdə “Liverpul” və “Borussiya Dortmund”a icarəyə verilən Şahin “Real Madrid”in heyətində cəmi 10 rəsmi oyuna çıxıb.
“Real Madrid” ilə “Borussiya Dortmund” oktyabrın 22-də “Santyaqo Bernabeu”da qarşılaşacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |