BRICS-ə üzv olmaq Azərbaycana nə vəd edir?
Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Kazanda Rusiyanın sədrliyi ilə XVI BRICS sammiti başlayıb.
“Bərabər qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” şüarı altında keçirilən sammitdə 26-dan artıq dövlət başçısı, ümumilikdə isə 33 beynəlxalq nümayəndə heyətinin iştirak edəcəyi planlaşdırılır. Ekspertlər hesab edirlər ki, Rusiyanın Kazan şəhərində işə başlayan BRICS sammiti çoxqütblü dünyanın yeni mərhələsinin başlanğıcı olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib.
Hazırda Qərbin Azərbaycana qarşı sərgilədiyi ədalətsiz yanaşmadan sonra Bakının BRICS-ə üzv olması daha da vacib hala gəlib. Analitiklər hesab edirlər ki, BRICS ölkələri Azərbaycanın bu quruma üzv olmasını müsbət qarşılayacaqlar. Bu, Azərbaycanın müstəqil və uğurlu inkişafı üçün əlavə bir zəmanət olacaq.
Mövzu barədə BEY.AZ-a açıqlama verən siyasi şərhçi Şəhla Cəlilzadə Azərbaycanın BRICS-də iştirakını Qərbdən gələn təzyiqlərlə əlaqələndirir:
“2009-cu ildə 5 üzvlə yaradılan BRICS-ə fəaliyyətinin ilk 15 ilində əlavə heç bir dövlət qatılmasa da, 2024-cü ildə üzvlərin sayı birdən birə ikiyə qatlandı. Bu dövlətlər dünyanın müxtəlif regionlarını təmsil edirlər. Yaradıcı dövlətlər olan Braziliya Amerikanı, Rusiya, Hindistan, Çin Avrasiyanı, Cənubi Afrika Respublikası (CAR) Afrikanı, yeni üzvlər olan İran, BƏƏ, Səudiyyə Ərəbistanı (üzvlüyü hələ ki, rəsmi olaraq təsdiqlənməyib) isə Yaxın Şərqi, Misir və Efiopiya yenə Afrikanı təmsil edir. Pakistan, Azərbaycan, Türkiyə və digər dövlətlər də üzvlük niyyətini bəyan edib. Rusiyanın Kazan şəhərində başlayan və təşkilatın genişlənməsindən sonra ilk Zirvə görüşünə 20-dən çox dövlət başçısı, o cümlədən cənab Prezident İlham Əliyev və Recep Tayyip Erdoğan, ümumilikdə 36 dövlətdən nümayəndə, həmçinin BMT Baş katibi də qatılıb. Beləliklə, təşkilatın dünyaya daha çox yayılmaq və genişlənmək marağında olduğu görünməkdədir.
Hesab edirəm ki, BRICS daha çox koalisiya, yaxud blok adlandırıla bilər, nəinki təşkilat. Çünki təşkilati strukturu hələ ki, formalaşma mərhələsindədir. Bu koalisiyanın üzvlərinin əsas məqsədi ABŞ-nin liderlik etdiyi Qərbyönümlü dünya düzəninə, yaxud G7-yə alternativ siyasi-iqtisadi və düşüncə platforması, yeni nizam yaratmaqdır. Məqsədlər sırasında Qərbin təzyiqləri və sanksiyaları ilə üzləşən ölkələrin (xüsusilə Rusiya və İran) bu təzyiq və sanksiyalardan yayınmasına yardım etmək xüsusilə qeyd oluna bilər”.
Analitik Hindistanın Şərq və Qərb arasında manevr imkanlarını artırmağa çalışdığını, Çin isə anti-Qərb qüvvələrini koordinasiya edən liderlik rolunu üstləndiyini vurğulayıb. Bu kontekstdə BRICS və ŞƏT Qərb sanksiyalarına qoşulmayan dövlətlərin bir araya gəldiyi platformalar olaraq Qərbin hegemonluğunun azalmasını göstərir.
2020-ci ildə Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycanın qarşısında duran çətinliklərin artmağa başladığını qeyd edən Şəhla Cəlilzadə, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları adı altında ölkəmizə qarşı ciddi təzyiqlərin həyata keçirildiyini xatırladıb. Bu təzyiqlər, xüsusilə COP 29 çərçivəsində iqtisadi sanksiyalar şəklində özünü biruzə verir:
“Bütün bu amillər Azərbaycanın BRICS-i bir mexanizm və platforma olaraq nəzərdən keçirməsinə səbəb olub. Bu yeni istiqamət, ölkəmizin beynəlxalq arenada daha geniş manevr imkanları yaratmasına və müstəqil siyasətini daha da gücləndirməsinə şərait yaradır”, – deyə Cəlilzadə əlavə edib.
Ekspert BRICS-də iştirakın Azərbaycanın alternativ siyasi və iqtisadi platforma təqdim edəcəyi qənaətindədir. O, ölkənin enerji əməkdaşlığının daha çox Qərbə yönəldiyini xatırladaraq bu faktın fonunda BRICS-in gələcək təhdidlərin önlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Analitik BRICS-in hərbi-siyasi platformaya çevrilmə ehtimalının görünmədiyini, Rusiya XİN-in açıqlamalarına əsaslanaraq BRICS-in hərbi ittifaqa çevrilmək niyyətinin olmadığını və olmayacağını vurğulayıb:
“Bu, NATO üzvü olan Türkiyənin BRICS görüşlərinə qatılmasının mümkün olmadığını da göstərir. BRICS-in əsasən Qərbin iqtisadi təzyiqləri ilə mübarizə aparmaq, üzv dövlətlər arasında ticarət əlaqələrini inkişaf etdirmək, milli valyutalarla ticarəti təşviq etmək və dolların maliyyə gücünə alternativ yaratmaq məqsədini güddüyünü qeyd edilir. Bu səbəbdən, Azərbaycanın BRICS-də üzvlüyünün anti-Qərb hərbi-siyasi koalisiyasına qoşulması və ya ənənəvi müstəqil xarici siyasi kursundan imtina etməsi kimi qiymətləndirilməsi doğru deyil.”
Məsələnin iqtisadi tərəflərini dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov BEY.AZ-a deyib ki, BRICS-ə qoşulmaq ölkəmizə çox şey verə bilər:
“Sözügedən təşkilat hökumətlərarası qurum olaraq nüfuzlu bir beynəlxalq təşkilatdır. BRICS ölkələri təbii resurslarla zəngin və böyük iqtisadi potensiala malikdirlər. Bu quruma qoşulmaq istəyən ölkələrin də sayının getdikcə artır. Çünki bu ölkələr çox sürətlə inkişaf edirlər. Keçən il BRICS ölkələri üzrə cəmi ÜDM qlobal ÜDM-in 35.7%-ni təşkil edib. 15 il ərzində təşkilatın qlobal iqtisadiyyatda payı 10.2% artıb. G7 ölkələrinin qlobal iqtisadiyyatda payısa bu müddətdə 9.7% azalıb və 29%-ə düşüb. Qeyd olunan təşkilata Rusiya, Hindistan, Çin daxildir. Bu 3 ölkə ilə ölkəmizin geniş iqtisadi və ticari əlaqələri, alış-verişi və ötürmələri, yəni daşımaları mövcuddur. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi fayda vəd edir. BRICS-ə üzvlük bizə adı çəkilən dəhlizlərin daha geniş istifadəsi üçün yeni yollar aça bilər”.
Pərviz Heydərov onu da qeyd edib ki, təbii resurslarla zəngin olan Azərbaycanın BRICS-ə qoşulması üçün təşkilata üzv ölkələrin də maraqlı olmaları vacibdir.
Gülbəniz Hüseynli / BEY.AZ
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanmışdır.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |