Özbəkistanda parlament seçkiləri keçirilir
Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.
BEY.AZ xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq parlament seçkiləri majoritar və proporsional sistemləri birləşdirən qarışıq sistem üzrə keçirilir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ailə üzvləri ilə birlikdə Daşkənddə səs verib.
Vahid elektron seçici siyahısında təxminən 20 milyon vətəndaş qeydiyyatdan keçib. Yerli vaxtla saat 13:00-a qədər seçicilərin 47,62 faizdən çoxu səs verib ki, bu da seçkilərin baş tutmuş hesab edilməsinə imkan verir – Özbəkistan qanunvericiliyinə görə, bunun üçün qeydiyyatda olan seçicilərin minimum 33 faizinin iştirakı tələb olunur.
Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 10 min 717 seçki məntəqəsi təşkil edib, onlardan 57-si dünyanın 40 ölkəsində yerləşir. Seçki Məcəlləsinə əsasən, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat qadağandır.
Seçkilərin gedişini MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox müxtəlif beynəlxalq təşkilatı təmsil edən 850-dən çox beynəlxalq və 65 min yerli müşahidəçi izləyir.
MSK-nın seçkilərin ilkin nəticələrini oktyabrın 28-də açıqlaması gözlənilir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |