Xəbər verdiyimiz kimi, Lənkəran Universitetində tələbələrə imtahan vaxtını seçmək imkanı təqdim edilib. İmtahan sessiyası ərzində tələbə xəstədirsə, yaxud fənnə hazır deyilsə, imtahan gününü dəyişə bilir. Bəziləri bu qərarın məsuliyyətsizliyə gətirib çıxaracağı qənaətindədir. Bir çoxları isə region universitetinin bu təşəbbüsünü təqdir edib.
Bəs digər universitetlər də bu ideyadan faydalanmalıdır, yoxsa bu cür imkanlar təhsilin keyfiyyətini aşağı sala bilər?
Mövzu ilə əlaqədar təhsil eksperti Cahid İmanlı BEY.AZ-a öz fikirlərini bölüşüb.
O bildirib ki, Azərbaycanın hansısa universitetində bu qərar qəbul edilibsə, bunu yalnız alqışlamaq düşür:
“Verilən qərar tələbələrin xeyrinə olaraq düşünülmüş humanist və ədalətli qərardır. Bunun təhsilin keyfiyyətinə ancaq müsbət təsirindən danışa bilərik. Xüsusilə təhsil almaqla yanaşı, işləmək məcburiyyətində qalan tələbələr bu imkandan rahat yararlana bilərlər. Adətən imtahanada iştirak etməyəndə müxtəlif arayışlar istənilir, bu qərarla müxtəlif bürokratik əngəllər də aradan qalxmış olar”.
Ekspert vurğulayıb ki, tələbələrdə çox vaxt imtahan həyəcanı olur:
“Onların özlərini psixoloji cəhətdən hazır olduqlarını düşündükləri zaman imtahanda iştirak etməsi daha müvafiq olardı. Bu və ya digər amillərə görə Dövlət İmtahan Mərkəzi (DİM) də qəbul imtahanını 2 dəfə keçirir ki, bu da yalnız abituriyentlərin və deməli, Azərbaycan gəncliyinin mənafeyinə xidmət edir”.
Ana Sayfa