2026-cı il sentyabrın 1-dən Rusiyada təhsilin bakalavr pilləsi ləğv edilərək iki səviyyə tətbiq olunacaq – ali və ixtisaslaşdırılmış ali təhsil.
Bəs Azərbaycanın ali təhsil sistemində hansısa dəyişikliklər gözlənilir?
Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli BEY.AZ-a açıqlamasında bildirib ki, dünyanın ən qabaqcıl ölkələrində 3 pilləli təhsil sistemi – bakalavriatura, magistratura və doktorantura pilləsi qəbul edilib:
“Bu uyğunluq dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrində oxuyan tələbələrin transfer məsələlərində, “Exchange” layihələrində ( red. tələbə mübadiləsi), təhsilin müxtəlif pillələrini digər ölkələrdə davam etdirmək istəyən tələbələrin transkriptlərinin və kreditlərinin tanınmasında xüsusi önəm daşıyır. Azərbaycan təhsil məkanında bu tipli dəyişikliyin ediləcəyinə inanmıram, olsa da məntiqsiz olardı. Bu uyğunluq hər bir tələbə üçün təhsilin əlçatanlığını, səmərəliliyini və uzunömürlülüyünü təmin edir. Biz nəyinsə adını dəyişmək həvəsində olmamalıyıq, mahiyyətinə və keyfiyyətinə önəm verməliyik”.
Dosent qeyd edib ki, doktorantura pilləsi Azərbaycanda iki mərhələyə bölünüb: fəlsəfə doktorluğu və elmlər doktorluğu mərhələsi. Uzun müddətdir ki, bu məsələnin müzakirəsi gedir, doktorantura pilləsinin də Boloniya prinsiplərinə uyğunlaşdırılması da təhsil mütəxəssislərini düşündürən məqamdır.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.