fbpx

Bakıda hansı binalar zəlzələyə davamlı deyil?

Bakıda hansı binalar zəlzələyə davamlı deyil?
👁 39

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarında cihazlar yerləşdiriləcək ki, zəlzələyə davamlılığı barədə monitorinq aparsın. Bəs ümumiyyətlə, Bakıda hansı binalar zəlzələyə davamlı deyil?


Mövzu ilə bağlı Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov BEY.AZ-a açıqlamasında bildirib ki, Bakı ərazisində olan əsasən yaşayış binalarına hansısa cihazların qoyulması, monitorinqin aparılması çox lazımlı bir addımdır. Bununla bağlı bizim əlaqədar qurumlarımız, müasir dövrdə dünya çapında işlədilən aparaturalar var və mütəxəssislərimiz var.


Memarın sözlərinə görə, binanın zəlzələyə davamlılığını gözlə baxıb demək olmaz:


“Onun bütün fundamental işi, karkazı o cihazlarla yoxlayıb demək olar. Bəzi binalar zəifdirsə, bərkitmə işlərinin görülməsi də mövcuddur. Mütləq deyil ki, həmin bina sökülə. Belə cihazlara ehtiyac olmadan binaların təbii fəlakətlərə dözümlü olması üçün necə tikilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyimiz yarandıqdan sonra çox ciddi və sərt şəkildə həmin qaydalar elmi əsaslarla tətbiq edib və bütün sahibkarlar o standartlarla tikməlidir. Məhz onların orada tətbiq etdiyi qayda, qanunlar, standartlar formatında inşa olunan binaların riski yoxdur. Ancaq Fövqəladə Hallar Nazirliyimiz yaranmamışdan əvvəl tikililərlə bağlı hansısa boşluqlar olubsa, rəsmi araşdırma əsasında təyin edilir, ancaq bunu baxışla qiyabi şəkildə demək olmaz”.


C. Həsənov qeyd edib ki, Sovetlər Birliyi dövründə tikilmiş “xuruşovka”, “stalinka” deyilən evlərin sovet qanununda 6 bala qədər dözümlülüyü vardı:


“Məsələn, nəzərə alsaq ki, deyək ki, xurşovkaların istismar müddəti 60 illik idi, o zaman təbii fəlakətlərlə üzləşməsə belə, həmin binaların birmənalı şəkildə sökülməsi məqsədəuyğundur. Əgər ki, bu bina 50, 60 illiyə nəzərdə tutulubsa və üstündən 60-70 il keçirsə, onda müasir dövrdə olan texnologiyadan, konstruktiv hesabatlar, güclər betonlar indiki kimi olmayıbsa, o təbii olaraq standartlara tam cavab verə bilməz. Lakin bu, o demək deyil ki, 60-cı illərdə tikilən binaların hamısı söküləcək. Burada hər hansı bir binanın tikilişi və tikilişdən sonrakı onilliklər dövründə oturuşması da rol oynayır. Elə hallar da var ki, zəlzələnin təkan gücünün istiqamətinə paralel və yaxud perpendikulyar olan iki eyni ildə tikilmiş binadan biri zədələnə bilər, digəri zədə almaz. Onda belə çıxır ki, İçərişəhərdəki iki mərtəbəlilərin hamısı darmadağın ola bilər? Hələ o vaxtı onlar tikiləndə heç karkaz beton konstruksiya yox idi, daşdan düzülmə iri lay daşlardan yığılırdı. Əksinə, onlar amortizasiyanı daha da yaxşı özündə saxlaya bilir, dağıntını, fəsadı azalda bilir”.


Professor əlavə edib ki, bu monitorinq başlamazdan əvvəl də müəyyən köhnə evlərdə, yaşayış massivlərində etab-etab dövlətimiz tərəfindən işlər görülür, hansılar ki, istismar müddətini itirirlər, konstruktur baxımından möhkəm deyillər, artıq onlar sökülür. Belə hallar bütün dünya memarlıq və şəhər salmasında ənənəvi haldır.

Sevinc İbrahimzadə / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Ana Sayfa