Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətə başlamasından dörd il ötür.
BEY.AZ xatırladır ki, MEDİA Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılıb. Qurumun yaradılmasında məqsəd Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması göstərilib.
Ötən dövrdə agentlik ölkəmizdə söz və məlumat azadlığının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və media mühitinin müasir tələblərə uyğun inkişafı istiqamətində mühüm addımlar atıb. Media haqqında qanunun yaradılması və onun tətbiqi prosesində yaxından iştirak edən MEDİA bu sahədə hüquqi bazanın təkmilləşməsinə mühüm töhfələr verib.
Ötən dörd il ərzində agentlik jurnalistlərə elmi-praktiki seminarlar təşkil edib, maliyyə dəstəyi yolu ilə yeni layihələrə şərait yaradıb, media savadlılığının yüksəldilməsi üçün maarifləndirici kampaniyalar keçirib. Bu müddətdə Media Reyestri də formalaşdırılıb; jurnalistlərin vahid reyestrə daxil edilməsi onların peşə fəaliyyətində şəffaflığın qorunması ilə yanaşı, media sahəsini kəmiyyət və keyfiyyət baxımından dəyərləndirmək üçün möhkəm baza yaratdı.
MEDİA innovativ yanaşmalar vasitəsilə həm paytaxtda, həm də regionlarda fəaliyyət göstərən media qurumlarının modernləşməsini dəstəkləyir, peşəkarlığı və rəqabətqabiliyyətliliyi artırmaq üçün yeni təlimlər və layihələr həyata keçirir. Dörd illik fəaliyyəti ərzində agentlik, sürətlə dəyişən rəqəmsal texnologiyalar dövründə milli medianın daxili imkanlarının genişləndirilməsi, jurnalistikanın qlobal arenada daha fəal təmsil olunması yolunda səylərini ardıcıl şəkildə davam etdirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.