fbpx

Gənc idmançı dostları ilə Qubaya istirahətə getdi, sevgilisi NƏRMİN isə…

Rüya Yorumları burda

Sumqayıt şəhərində 2001-ci il təvəllüdlü Nərmin qısqanclıq zəminində sevgilisi Şamilə (adlar şərti verilib – red.) xəsarət yetirib.

BEY.AZ-ın əldə etdiyi məlumata görə, hadisə 18 iyul 2022-ci ildə Sumqayıt şəhəri, Yaşıl Dərə bağlar massivində baş verib.

Nərmin fərdi yaşayış evinin mətbəxində sevgi münasibətində olduğu Şamil ilə qısqanclıq zəminində mübahisə edib. O, səbəbsiz olaraq qısqanclığına görə Şamilin ondan ayrılacağını bildirməsindən əsəbiləşib. Aralarında bu zəmində davam edən mübahisənin gedişində mətbəxdə iş görərkən istifadə etdiyi bıçaqla Şamilin döş qəfəsindən bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Nərminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

“Zənglərimə cavab vermədi”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nərmin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Şamili 10 ildir tanıyıb: “Lakin 5-6 ildir ki aramızda yaxın münasibət olub. Yay aylarında hansısa bir gün Şamilin dostu onu rayona çağırdı. Şamil isə rayona getdiyi halda xəbər edəcəyini və məni də özü ilə birgə aparacağını söylədi. Lakin Şamil xəbər etmədən rayona getdi və zənglərə cavab verməməyə başladı. Rayonda təxminən iki gün qalaraq geri qayıtdı. Rayondan qayıdan kimi Şamil mənim yaşadığım evə gəldi. Həmin vaxt evdə başqa heç kim olmayıb. Şamildən hansı səbəbə telefon zənglərimə cavab vermədiyini soruşdum. Mübahisə etməyə başladıq. Mübahisə zamanı mətbəxdə yemək hazırladığımdan bıçaq əlimdə olub. Həmin vaxt Şamilə tərəf döndüm. Şamil məni itələdi və ayağa qalxdığı zaman bıçaq onu cızdı. Şamilə qəsdən xəsarət yetirməmişəm. Bıçaq onun bədənində sancılıb qalmayıb, hadisədən sonra təsadüfən anam evə gəldi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Şamilə kömək etməyə çalışıb, taksi ilə onu xəstəxanaya aparıb. Onun sözlərinə görə, heç bir yerdə işləmir, anası və qardaşı ilə birgə yaşayıb: “Atam ilə anam ayrılıb. Şamil arada yaşadığım evə gəlib”.

“Aramızda mübahisə yarandı”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Şamilin sözlərinə görə, hadisədən əvvəl Quba rayonuna gedib: “Oradan qayıtdıqdan sonra Nərminin yaşadığı mənzilə gəldim. Biz qonaq otağında olarkən Nərmin onun zənglərinə cavab vermədiyim üçün mübahisə etməyə başladı. Ona hansı səbəbdən zənglərə cavab verə bilmədiyimi izah etdim. Daha sonra ara sakitləşdi və biz mətbəxə keçdik. Mətbəxdə olarkən Nərmin yemək hazırladı. Mən isə divanda oturdum. Bu zaman aramızda yenidən mübahisə yarandı. Nərmin əlindəki bıçaqla mənə tərəf döndükdə bir anda ayağa qalxdım. Nərmini itələyən zaman bıçaq çiynimin altını yaraladı. Həmin vaxt xəsarət aldığımı hiss etmədim. Nərmin isə titrəməyə başladı və əlindəki bıçaq yerə düşdü. Hadisənin təsirindən Nərminin ürəyi getdi. Nərmini ayıltmağa çalışarkən onun anası evə gəldi. Nərmin özünə gəldikdən sonra mənə kömək edərək xəstəxanaya apardı”.

Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsı ilə hazırkı ifadəsi arasında ziddiyyətlərin olduğu qənaətinə gəlib. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib.

“Bir-birimizi sevmişik”

Şamil ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Sumqayıt şəhəri Qurd dərəsi bağlarında nömrəsiz fərdi yaşayış evində valideyinləri ilə birlikdə yaşayır: “Bədən Tərbiyəsi və İdman Akademiyasının cüdo məşqçi ixtisasi üzrə 5-ci kursunu bitirmişəm. Hazırda ayrı yerlərdə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanıram. Təqsirləndirilən Nərmini tanıyıram. Nərmin ilə əvvəllər qonşuluqda yaşamışam. Uşaq vaxtı hər ikimiz Sumqayıt şəhəri, 9-cu mikrorayonda yaşamışıq. Təxminən 5 il olar ki, Nərmin ilə aramazda səmimi münasibət olub və bir-birimizi sevmişik. Nərmin hazırda Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində fərdi yaşayış evində anası Südabə ilə birlikdə yaşayır. Mən də bəzi vaxtlarda Nərmin ilə birlikdə onun evində qalmışam”.

“Söz verdiyimi dedi”

Şamilin sözlərinə görə, 2022-ci ilin iyul ayının əvvəllərində Nərmin ilə birlikdə Quba rayonuna istirahətə gedəcəyini deyib: “İyulun 15-də Quba rayonundan olan tələbə yoldaşım Rəvan məni və digər tələbə yoldaşlarımı rayona istirahət etmək üçün dəvət etdi. Mən də bir neçə nəfər tələbə yoldaşım ilə birlikdə iyulun 16-da səhər saatlarında Qubaya getdik. Getməzdən əvvəl Nərminə bildirdim ki, tələbə yoldaşlarım ilə istirahət etmək üçün Quba rayonuna gedəcəm. Nərmin onunla birlikdə Qubaya gedəcəyimə söz verdiyimi dedi, tək getməyimə etiraz etdi. Lakin Nərmini razı salaraq sonradan onunla da birlikdə Quba rayonuna gedəcəyimi bildirdim”.

Şamil qeyd edib ki, iyulun 16-da Quba rayonunda olduğu zaman Nərmin qısqanc olduğuna görə mütəmadi olaraq ona zəng edib və ya mesaj yazıb: “Nərmin mənə tez-tez zəng etdiyinə görə ona əsəbləşdim. Onu acılayaraq istirahət etməyimə imkan vermədiyini bildirdim. Nərmin ilə telefonda aramızda sözlü mübahisələrimiz oldu. Bir gün Quba rayonunda qaldıqdan sonra iyulun 17-də evə qayıtdım. Yorğun olduğuma görə, həmin günü yatdım”.

“Ondan ayrılmamağımı istədi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, iyulun 18-də, saat 18 radələrində Nərminin yaşadığı evə gedib: “Həmin vaxt Nərmin evdə tək olub. Nərmin ilə Quba rayonuna istirahətə getməyim, orada olan zaman bəzi vaxtlarda onun telefon zənglərinə cavab verməməyim üstündə mübahisəmiz yarandı. Həmin vaxt evin qonaq otağında mübahisə etdik. Zalda mübahisə edən zaman Nərminə artıq məni bezdirdiyini, onunla ayrılacağımı bildirdim. Nərmin isə ondan ayrılmamağımı istədi. Nərmin üstümə gələrək əsəbi halda ondan ayrıla bilməyəcəyini dedi. Nərmin üstümə gələn zaman əlim ilə onu itələdim, özümdən kənarlaşdırdım. Lakin Nərmin təkrar üstümə gəldiyinə görə əlim ilə onun ağız nahiyəsindən tutaraq itələdim, özümdən kənarlaşdırdım”.

“Kürəyimdən qan axmağa başladı”

Zərərçəkmiş qeyd edib ki, bundan sonra evin mətbəxinə keçib: “Nərmin də arxamca mətbəxə gəldi. Mən mətbəxdə olan zaman evdən getmək istədiyimi bildirdim. Nərmin isə əsəbi halda mənimlə danışaraq heç yerə getməyəcəyimi, baş verənlərə görə ona açıqlama verməyimi tələb etdi. Nərminin mənə qarşı səbəbsiz yerə qısqanclıq etdiyini hiss etdim. Mətbəxdə olan zaman Nərmin əsəbi olduğuna görə, səbəbsiz yerə qısqaclıq etdiyini, evdən çıxaraq gedəcəyimi bildirdim. Həmin vaxtı mətbəxdə stolda oturdum. Nərmin isə mənimlə danışa-danışa iş görürdü. Nərminin iş görən zaman əlində bıçaq olub. Bu zaman aramızda baş verən mübahisənin gedişatında Nərmin qəfildən arxa tərəfdən əlindəki bıçaqla sol kürək nahiyəmdən bir zərbə vurdu. Nərmin məni bıçaqla vurandan sonra kürəyimdən qan axmağa başladı. Zərbənin təsirindən bıçaq kürəyimdə sancılı qaldı. Nərminin bıçağı kürəyimdə sancılı vəziyyətdə və kürəyimdən qan axdığını görən zaman ürəyi getdi. Kürəyimdən bıçağı çıxardaraq Nərmini ayıltmağa çalışdım. Onu ayıldaraq özünə gətirdim. Həmin vaxt Nərminin anası Südabə də evə gəldi. Südabə evə gəldikdən sonra Nərmin tərəfindən bıçaqlandığımı, kürəyimdən qan axdığını gördüm. Südabə kürəyimi sarıyaraq qanı kəsməyə çalışsa da, qan kəsmədiyinə görə Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına gedəcəyimi bildirdim. Nərmin və anası da mənimlə birlikdə xəstəxanaya gedəcəklərini dedilər”.

“Tanımadığım şəxsin bıçaqladığını dedim”

Zərərçəkmiş qeyd edib ki, bundan sonra tanımadığı taksiyə minərək xəstəxanaya gəliblər: “Xəstəxanada olan zaman həkimlər mənə tibbi yardım etdilər, yarama tikiş qoydular. Xəstəxanaya qəbul olunan zaman Nərminin məni bıçaqlamasını bildirmədim. Həkimlərə Sumqayıt şəhəri, Qurd dərəsi massivində 2-ci dayanacaqda yerləşən “Hüseyn” marketin yaxınlığında tanımadığım şəxs tərəfindən bıçaqlanaraq xəsarət aldığımı bildirdim. Xəstəxanadan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə məlumat verdilər. Az sonra polis əməkdaşları xəstəxanaya gəldi. Polis əməkdaşları gəldikdən sonra Nərmin və anasını apardılar. Həmin gecəni xəstəxanada qaldım”.

“Şikayət ərizəsi yazmadım”

Zərərçəkmiş bildirib ki, səhəri gün xəstəxanadan buraxılıb: “Bundan sonra 1-ci polis bölməsinə gedərək hadisə haqqında izahat yazdım. Lakin Nərminə qarşı şikayətim olmadığına görə ondan şikayət ərizəsi yazmadım”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nərmin 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini saat 21.00-dan 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhər ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilib. /teleqraf

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu