“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İspaniyanın “Villareal” klubu ilə keçirəcəyi son matçın hakimləri müəyyənləşib.

Bu matçı Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Villareal şəhərində baş tutacaq qarşılaşmada Nikolay Balakin ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Andrey Skripka və Semyon Şlonçak kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yevgeni Aranovski yerinə yetirəcək.

31 yaşlı hakim daha əvvəllər Azərbaycan təmsilçilərindən Bakı “İnter”inin (indiki “Keşlə” – S.M.) oyununu idarə edib. 2017-ci ilin iyulun 6-da indiki “ASK Arena”da keçirilmiş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu olan “İnter” – “Mladost” (Serbiya) matçında komandamız 2:0 qalib gəlib. Həmin matçın 45+3-cü dəqiqəsində qonaq komandadan yarımmüdafiəçi Aleksandar Peyoviç ikinci sarı vərəqə ilə meydandan qovulmuşdu.

Qeyd edək ki, dekabrın 10-da “Estadio de la Seramika” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Səbuhi Musayev

Bir cavab yazın