Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki – Deputat
Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm.
Bu sözləri açıqlamasında mövsüm meyvələrinin bahalığı haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.
“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”, – deyə deputat bildirib.
O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir: “Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər”.