Yəqin ki, hamınız sosial mediada dolaşarkən məşhur brendlərin ucuz endirim kampaniyaları ilə qarşılaşmısınız. Reklam şəklində ana səhifəmizdə görünən bu elanlarda qutu-qutu məhsullar pulsuz, yaxud ən ucuz qiymətə – 4-5 manata təklif olunur. İnsanları şirnikləndirən bu cür paylaşımlarda bəzən rəsmi qurumların adından belə istifadə olunur. Bakı Hava Limanında itirilmiş baqajların satılması, “Azərpoçt”dakı sahibsiz bağlamalar və s. bir çoxlarına tanışdır. Yaxud “Zara” markasına aid geyimlərin, “Temu”dan bir otaq dolusu qutunun su dəyərinə satıldığı elanları da çoxu görüb.
Təəssüflər olsun ki, bütün bunlar internet dünyasının üzqarası olan kibercinayətlərdir. Xüsusilə fişinq üsulu məhz bu yolla insanların diqqətini cəlb edir və ovlayır. Elə ingilis dilindən tərcüməsi “balıq ovu” mənasını verən bu üsul internet istifadəçilərinin şəxsi məlumatlarını oğurlamaq üçün hazırlanan kiberhücum növüdür.
Bu necə baş verir? Hər şey istifadəçinin həmin elanda qeyd olunan linkə daxil olması ilə başlayır.
Belə ki, linkə kliklədikdə siz saxta bir vebsayta yönləndirilirsiniz. Bu vebsayt isə əslinə çox oxşayır. Burada məlumatlarınızı yazırsınız. Qeyd olunan məbləği ödəmək üçün bank kartınızın nömrəsi, istifadə tarixi və CVV kodunu da daxil edirsiniz ki, bununla da onlar birbaşa hücumçuların əlinə keçir. Beləliklə, balansınızda olan məbləğin hamısını, ən yaxşı halda isə müəyyən bir qismini öz rzanız ilə hücumçulara bağışlayırsınız.
Bu tələyə düşməmək üçün isə bilməniz gərəkən vacib məsələlər nədir?
İlk növbədə şübhəli mesajlara, cəlbedici postlara diqqət edin. Hər hansı linkə klikləməzdən əvvəl göndəricinin kimliyini yoxlayın. Bunun üçün həmin şirkətin rəsmi vebsaytına daxil olub, oradan rəsmi sosial şəbəkə səhifələrinə nəzər yetirə bilərsiniz.
Unutmamaq lazımdır ki, heç bir qanuni şirkət sizdən email və ya mesaj vasitəsilə şifrə istəməz. Bundan başqa, əsl vebsaytlar həmişə “https://” ilə başlayır və ünvanında səhvlər olmur. Sosial platformalardakı rəsmi səhifələrin isə əksər hallarda izləyici, bəyəni, rəy sayı təkrəqəmli olmur.
Əslində, daha diqqətli olsanız, həmin postların altındakı rəylərin hamısının Azərbaycan dilində heç bir qrammatik səhv olmadan yazıldığını da görərsiniz. Ancaq nəzərə almaq lazımdır ki, hamı heç də bir vergül səhvi belə etmədən eyni üslubda yaza bilməz.
Fişinq hücumlarının ovladığı “balıqlar”dan biri olmamaq üçün şübhələndiyiniz hər hansı bir mesaj və ya vebsaytı yoxlayın və şəxsi məlumatlarınızı daxil etməzdən əvvəl iki dəfə düşünün.
Qeyd edək ki, bu cür kiberhücumların qurbanları ölkəmizdə kifayət qədər çoxdur və Daxili İşlər Nazirliyi (DİN) mütəmadi olaraq internet istifadəçilərini bu cür elanlara aldanmamağa çağırış edir.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.