fbpx

Şagirdlər dərslikdən əlavə materiallarla yüklənirlər

Şagirdlər dərslikdən əlavə materiallarla yüklənirlər
👁 36

“Şagirdlərin ümumtəhsil məktəblərində dərs yükünün çox olmasının birdəfəlik qarşısını almaq istəyiriksə, təhsil proqramını mütləq dəyişməliyik. Kurikulum sistemindən danışırıqsa, bu, bütün tədris prosesinin məktəbdə həll olunması deməkdir. Yəni müəllim verilən tapşırığın 80-90 %-ni məktəbdə hazırlayır, uşaq üçün evə gələndə ciddi bir yük qalmır. Amma bizdə məktəbdə keçirilən dərsin 50 faizi də ev tapşırığı olaraq verilir”.

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev BEY.AZ-a açıqlamasında söyləyib.

Ekspert bildirib ki, bəzi müəllimlər əlavə olaraq test tapşırıqlarını nəşr edən fərdi yazarların kitablarını da şagirdlərə aldırıb evdə həll olunmasını istəyirlər. Bu, tədris prosesinin çətinliyindən, təhsil sisteminin hədsiz dərəcədə yüklü olmasından xəbər verir:

“Dördüncü, beşinci sinifdə oxuyan bir şagirdin məktəbə apardığı çantanı görəndə adam ağlamaq istəyir, valideyn uşağın çantasını götürməkdə çətinlik çəkir, uşaqsa o çantanı kürəyində daşıyır. Bu da gələcəkdə skolioz kimi ciddi xəstəliklərə səbəb ola bilir. Təhsil sistemi düzəlməyincə, sistemləşdirilməyincə bu problem davam edəcək. Azərbaycanda universitetə qəbul olmaq çətin, universiteti oxumaq asandır. Xaricdə isə universitetə qəbul olmaq asan, onu oxumaq çətindir. Bizdə çox təəssüflər olsun ki, şagirdlərə ciddi yükləmələr var. Bir gün içərisində 5-6 fərqli fənn üzrə dərs saatı qoyulur. Bizdə qəbul imtahanında 650 bal toplayan şagird xarici ölkələrin universitetində təhsil alan tələbəyə bərabərdir, yəni biz o qədər çox yükləyirik. Universitet həyatına gəldiyi təqdirdə, artıq bu əziyyət, gərginlik zəifləmiş olur”.

R.Nurəliyev əlavə edib ki, gücü ali təhsil müəssisələrinə vermək lazımdır:

“İngilis dili müəllimliyi ixtisasında oxuyan bir tələbə üçüncü kursda Azərbaycan ədəbiyyatından imtahan verir. Halbuki universitetin üçüncü kursu artıq ixtisas fənlərinə yönəldilməlidir. Təhsil sistemi inkişaf etmiş ölkələrdə orta məktəblərdə şagirdlərə hər hansı bir fənni əyləncəvi formada öyrətməyə çalışırlar. Xüsusilə də tədris saatı ağır olmur. Bizdə isə dərsliklərdən əlavə materialları da şagirdlərə yükləməyə çalışırıq. Mən təklif edirəm ki, aşağı sinif şagirdləri üçün bir gün içərisində dörd saatdan artıq fənn keçirilməsin. Bəzi günlər 5 saat ola bilər, ancaq dərs bölgüsü elə olsun ki, 2-3 saat əsas fənləri varsa, qalanı köməkçi fənlər olsun”.

Sevinc İbrahimzadə / BEY.AZ



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Ana Sayfa