Türkiyənin ən böyük birbaşa xarici investoru və inteqrə olunmuş sənaye qrupu, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə”nin tərkibində fəaliyyət göstərən təbii qaz paylayıcı “Bursaqaz” və “Kayseriqaz” şirkətlərinin satışı ilə bağlı sövdələşmə yekunlaşdırılıb.
Bu barədə BEY.AZ “SOCAR Türkiyə”yə istinadən xəbər verir.
Məlumata görə, “Bursaqaz” və “Kayseriqaz” şirkətləri satış prosesinin tamamlanması ilə bağlı yeni sahibi “AKSA Enerji” şirkəti tərəfindən idarə olunacaq.
Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə”nin idarəçiliyi altında fəaliyyət göstərən “Bursaqaz” və “Kayseriqaz” öz məsuliyyət zonalarında təxminən iki milyon abunəçiyə təbii qaz paylanması xidmətlərini göstərir. “Bursaqaz” 7 min kilometrdən çox şəbəkə vasitəsilə təxminən 1,2 milyon abunəçiyə xidmət göstərir və son istehlakçılara satış həcminə görə Türkiyənin dördüncü ən böyük qaz paylayıcı şirkətidir. “Kayseriqaz” isə 7 min kilometri aşan şəbəkə uzunluğu ilə 700 min abonenti təhlükəsiz təbii qaz ilə təmin edir.
Bu şirkətləri 2019-cu ildə aldıqdan sonra “SOCAR Türkiyə” onların infrastrukturunun inkişafına, xidmət keyfiyyətinin artırılmasına və innovasiyaların tətbiqinə əhəmiyyətli vəsait yatırıb. Nəticədə şirkətlər təkcə əməliyyat göstəricilərini yaxşılaşdırmayıb, həm də yeni ərazilərdə təbii qaza çıxışı təmin ediblər.
“Biz “Bursagaz” və “Kayserigaz”ın məsuliyyət zonasında olan bütün yaşayış məntəqələrini təbii qazla təmin etmək vədimizi yerinə yetirdiyimiz üçün qürur duyuruq. Bu şirkətlər inkişaf etmiş infrastrukturu, yüksək iş keyfiyyəti və əməkdaşların peşəkarlığı sayəsində investorların diqqətini cəlb edib. Satış qərarı uzunmüddətli strateji məqsədlərimizə uyğundur”, – deyə “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov bu sövdələşməni şərh edərkən bildirib.
Onun sözlərinə görə, Türkiyəyə təxminən 18,5 milyard ABŞ dolları sərmayə qoyan “SOCAR Türkiyə” ölkənin ən böyük birbaşa xarici investoru olaraq qalır: “Şirkət neft-kimya sektorunun inkişafı da daxil olmaqla strateji əhəmiyyətli istiqamətlərə diqqət yetirəcək. Bu planlar çərçivəsində “SOCAR Türkiyə” artıq yeni neft-kimya layihələri üçün ilkin mühəndislik işlərinə (Pre-FEED və FEED) başlayıb. Biz Azərbaycan və Türkiyənin iqtisadi, sosial inkişafına və məşğulluğuna töhfə verən layihələri həyata keçirməyə davam edəcəyik”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.