Son vaxtlar onlayn kazino oyunlarının reklamları çoxalıb. Bu isə heç belə oyunlardan anlayışı olmayan insanlarda belə maraq oyadır. Çünki insanlara az vəsaitlə çoxlu pul qazanmaq vəd edilir. Onlar bəzən qazanırlarsa, bu, davamlı istək yaradır – “yenə qazana bilərəm”. Problem isə odur ki, bu bəla təkcə gəncləri yox, elə orta yaşlıları da öz cənginə alıb. Hətta bu cür onlayn kazino oyunlarına görə çoxlu borcun altına girənlər də var. Bəs bu asılılıqdan necə qurtulmaq olar?
Psixoloq Gülnar Orucova BEY.AZ-a açıqlamasında bildirib ki, artıq insanlar daha asan varlanmaq istəyirlər. Ancaq əvvəllər varlı insanların bu qədər nə təqdimatı olurdu, nə də ki bu qədər onları araşdırıb örnək göstərmək kəslər. İndi isə bu adamları təqdim edən insanlar var:
“Hər kəs günümüzün bəlası olan smartfonlardan, sosial şəbəkələrdən istifadə edir. Təbii ki, burada insanlar o bahalı yaşamı, dəbdəbəli evləri, bahalı maşınları, xaricdə səyahətləri görürlər və bunu istəyirlər. O, bunu öz işi ilə əldə edə bilməyəcəyini bilir. Ona görə də deyir ki, mən bunu asan yolla haradan tapa bilərəm?! Mərc, kazino oyunları daha asan qazanc üçün xüsusi reklamlar çəkir. İnsanları daha çox bunlara sövq edirlər. Oyuna qoşulanlar isə bəzən qısa müddət ərzində qazanırlar və daha çox pul qoyanda iki qatını itirirlər”.
Psixoloqun sözlərinə görə, daha çox özgüvəni aşağı olan, öz bacarığına inanmayan, daha tez qazanc əldə etməyə çalışan, başqalarının olduğu yerə, qazandığı uğura, əldə etdiyi var-dövlətə belə paxıllıq hissi duyan insanlar bu yollara daha çox əl atırlar:
“Ağlı başında, savadlı, düşüncəli, oxumuş kəslər isə nadirən bu yollara əl atırlar. Burada ailənin də rolu var. Ailə hər zaman övladını uğurlu olmaq üçün həvəsləndirməlidir. Amma bizim ailələr davamlı qonşunun, qohumun uşağı ilə öz övladını müqayisə edir. Ümumiyyətlə, bu asılılıqdan qurtulmaq üçün mütləq professional dəstək almaq lazımdır. Öz gücünə inamı formalaşdırmaq, özgüvənini artırmaq, düşüncə tərzini pozitiv olaraq qurmaq lazımdır ki, bu oyunlardan qurtulasan”.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.