Son zamanlar “TikTok” platformasında çirkli pulların yuyulması ilə bağlı müxtəlif iddialar səsləndirilir. Xüsusilə bəzi tiktokerlərin qısa müddət ərzində inanılmaz məbləğlər qazanması, onlara göndərilən hədiyyələrin mənbəyi və bu pulların sonrakı dövriyyəsi ciddi suallar yaradır.
Bəs, həqiqətən “TikTok” çirkli pulların yuyulması üçün ideal vasitəyə çevrilib?
İKT üzrə mütəxəssis Fərhad Mirəliyev BEY.AZ-a açıqlamasında Türkiyə təcrübəsini xatırladıb:
“Ötən il Türkiyədə bu məsələlərlə bağlı ciddi hüquqi tədbirlər görüldü. Çirkli pulların yuyulması ilə əlaqədar cinayət işi açıldı və bu faktlar təsdiqini tapdı. Azərbaycanda isə bu iddialar hələ ki, nə təsdiq olunub, nə də təkzib edilib. Bununla belə, gözlə görünən bəzi məqamlar var ki, onları şübhəli hesab etmək mümkündür. Məsələnin əsas məğzi çirkli pulların yuyulması ehtimalıdır. Xüsusilə də bəzi tiktokerlər özlərinin davranışı, əxlaqı və cəmiyyətə pis nümunə olmaları fonunda daim canlı yayımda olur, izləyicilərdən böyük miqdarda hədiyyələr alırdılar. Bu son həbslərə qədər belə hallar davam edirdi”.
Ekspert mövcud şübhələri də dəyərləndirib:
“Həmin tiktokerlərlə müəyyən şəxslər əvvəlcədən razılaşır, onlara hədiyyə göndərilir və sonradan bu məbləğin bir hissəsi geri qaytarılır. Daha konkret desək, canlı yayımlarda tiktokerlərə göndərilən bəxşişlər nağd pula çevrilir. Məsələn, əldə olunan məbləğin 15-20 faizi tiktokerin özündə saxlanılır, qalan hissəsi isə əvvəlcədən razılaşdırılmış qaydada geri qaytarılır. Belə bir sxemin mövcud olması ehtimalı ciddi suallar yaradır. Hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bu məsələyə hələlik rəsmi açıqlama verilməyib. Ancaq əgər canlı yayımlarda əxlaqsızlıq və tərbiyəsizlik təbliğ olunursa, üstəlik, bu şəxslərin xüsusi bir istedadı da yoxdursa – onlar alim, müəllim, həkim və ya mühəndis deyilsə, o zaman cəmiyyət üçün lazımsız və hörmətsiz hesab edilən insanlara necə olur ki, bu qədər hədiyyə göndərilir? Şübhəli məqamlar məhz bunlardır. Bu isə həmin iddianın real olma ehtimalını daha da gücləndirir”.
F. Mirəliyevin sözlərinə görə, əks arqument olaraq bəzi insanlar bunu əyləncə məqsədilə göndərilən hədiyyələr kimi izah edirlər:
“Ancaq əyləncə üçün bu qədər böyük məbləğlərin sərf edilməsi inandırıcı görünmür. Axı əziyyətlə qazanılmış pulların bu cür asan və nəzarətsiz xərclənməsi məntiqə uyğun deyil. Məsələn, bəzi tiktokerlər beş dəqiqəlik canlı yayımda 600 dollar qazana bilirlər. Bu da təbii olaraq suallar doğurur və həmin məbləğlərin mənbəyi ilə bağlı şübhələri gücləndirir”.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.