Son zamanlar “Azpulmat” və “Manato” kimi kredit təşkilatlarına edilən müraciətlərin sayı artıb. Bu, əslində, kreditlərin əldə edilməsi ilə bağlı insanların tələbatının artdığını göstərir. Lakin, təəssüf ki, bu təşkilatların faiz dərəcələri çox zaman yüksək olur və bu da borclanmış şəxslərin ödəmə qabiliyyətini çətinləşdirir. Nəticədə, kredit borclarını ödəməkdə çətinlik çəkən vətəndaşlar müxtəlif alternativ yollar axtarır. Sosial şəbəkələrdə isə borcu silmə vədləri verən səhifələrin sayı artıb.
Bu cür səhifələr çox vaxt “kiçik ödənişlə bütün borcu silmək” vədini verərək insanları cəlb edir. Lakin, bu cür təkliflərin əksəriyyəti şübhəlidir və əslində vədlərini yerinə yetirməyə bilər.
Bəs bu səhifələr həqiqətən borcu silirmi?
Mövzu ilə bağlı BEY MEDİA-a danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, belə səhifələrin fəaliyyəti onların qanunsuz olduqlarını göstərmir:
“Əksinə, borcların toplanması ilə bağlı fəaliyyət göstərən təşkilatların olması qanuni bir praktikadır. Bununla yanaşı, “antikollektor” fəaliyyəti də mövcuddur ki, bu, müvafiq qanunlar çərçivəsində həyata keçirilən bir müdafiə üsuludur.
Antikollektor fəaliyyəti, kredit təşkilatlarının və bankların borçları topladığı zaman ortaya çıxan qanunsuzluqlara qarşı mübarizə aparır və borclu şəxslərin hüquqlarını qorumağa xidmət edir. Yəni əgər bir bank və ya kredit təşkilatı vətəndaşın hüquqlarını pozursa, “antikollektor” fəaliyyəti qanuni şəkildə tətbiq edilə bilər. Bu fəaliyyət, borcluların hüquqlarını qorumaq məqsədilə baş verir və bir çox halda müvafiq hüquqi yardımlar təklif olunur”.
Ramil Süleymanov qeyd edib ki, sosial şəbəkələrdəki “borc silən” səhifələrin nə qədər etibarlı olduğunu qiymətləndirmək üçün ciddi araşdırmaların aparılması vacibdir.
“Əgər bu səhifələr, sistem üzərindən məlumatları silir və ya qeyri-qanuni müdaxilələr həyata keçirirsə, kibercinayətkarlıqla bağlı məsələlər ortaya çıxa bilər. Bu səbəbdən, belə səhifələrə müraciət etməzdən əvvəl onların fəaliyyətinin qanunla uyğunluğunu yoxlamaq və hüquqi məsləhət almaq vacibdir.
Ümumilikdə, borc ödənilməsində hüquqi xidmətlər və düzgün müdafiə yolları tamamilə qanunidir. Lakin, bu xidmətləri təmin edən səhifələrin nə qədər etibarlı və təsirli olduğunu müəyyənləşdirmək üçün müvafiq araşdırmaların aparılması vacibdir”.
Ülkər Abdurahmanlı / BEY MEDİA
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.