“2025-ci ildə Mədəniyyət Nazirliyinin tabeliyindəki uşaq musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası nəticəsində 500-ə yaxın müəllimin qeyri-qənaətbəxş nəticə göstərməsi və onlardan 50-dən çoxunun ali musiqi təhsilli olması bu sahədə ciddi metodoloji və idarəetmə problemlərinin mövcudluğunu ortaya çıxarır. Bu nəticələr sadəcə fərdi müəllimlərin səriştəsizliyi ilə izah oluna bilməz. Əksinə, bu qədər yüksək sayda müəllimin attestasiyadan keçməməsi qiymətləndirmə mexanizmlərinin keyfiyyətsizliyini, şəffaflıqdan uzaq olmasını və musiqi təhsili sahəsinin spesifikliyinin nəzərə alınmadığını göstərir”.
Bu fikirləri BEY MEDİA-a açıqlama verən təhsil eksperti Kamran Əsədov həmin müəllimlərin aqibətindən danışarkən bildirib.
Ekspert vurğulayıb ki, Mədəniyyət Nazirliyinin “Mədəniyyət müəssisələri işçilərinin attestasiyasının keçirilməsi Qaydası”na əsasən, attestasiyanın məqsədi müəssisə əməkdaşlarının peşəkarlıq səviyyəsini müəyyən etmək və onların tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirməkdir:
“Həmin qaydalarda qeyd olunur ki, attestasiyanın nəticəsi müəllimlərin əmək fəaliyyətinin davam etdirilməsi və ya dayandırılması ilə bağlı qərar verilməsinə əsas yaradır. Lakin bu qərarın obyektiv və hərtərəfli əsaslandırılması üçün qiymətləndirmə meyarları konkret və şəffaf olmalıdır. Əgər bu meyarlar təhsilin mahiyyəti ilə uyğun deyilsə, nəticələr hüquqi baxımdan da şübhə altına düşür. Ali musiqi təhsilli müəllimlərin kütləvi şəkildə attestasiyadan keçməməsi göstərir ki, qiymətləndirmə yalnız nəzəri testlər və ya formal müsahibə formasında təşkil olunub. Halbuki musiqi müəllimliyi praktiki bacarıqlara əsaslanan ixtisasdır. Burada müəllimin musiqi ifaçılığı, pedaqoji yanaşması, şagirdlərlə iş üslubu, repertuar seçimi və bədii-estetik dünyagörüşü əsas meyarlar kimi çıxış etməlidir. Əgər bu komponentlər qiymətləndirmə çərçivəsində nəzərə alınmayıbsa, nəticələrin obyektivliyindən danışmaq mümkün deyil. Statistik olaraq bu nəticə həm də ümumi təhsil sistemində musiqi fənninin devalvasiyaya uğradığını göstərir. Son illər rəsmi dövlət sənədlərində mədəniyyət və incəsənət təhsilinə verilən önəm vurğulansa da, praktiki addımlar bu prioritetin lazımi səviyyədə həyata keçirilmədiyini göstərir. Məsələn, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və “Mədəniyyətin inkişafına dair 2022–2030-cu illər üçün Milli Strategiya”da musiqi və incəsənət sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi nəzərdə tutulur. Lakin attestasiyanın bu formada təşkili həmin strateji sənədlərlə ziddiyyət təşkil edir”.
K.Əsədovun sözlərinə görə, dünya təcrübəsində musiqi və incəsənət müəllimlərinin qiymətləndirilməsi fərqli metodologiya ilə həyata keçirilir:
“Almaniyada musiqi müəllimləri üçün attestasiyalar əsasən praktiki dərs nümunəsi, canlı ifa və şagirdlərlə real dərs zamanı müşahidə əsasında aparılır. Finlandiyada isə müəllimin bədii düşüncə tərzi, musiqi tarixi bilikləri və sinif içində yaradıcılıq stimullaşdırma bacarığı əsas meyar sayılır. Bu yanaşmalar müəllimin peşəkar potensialını daha obyektiv ölçməyə imkan verir və səriştənin yalnız yazılı testlərlə müəyyən edilə bilmədiyini təsdiqləyir. Təəssüf ki, Azərbaycanda keçirilən attestasiyada bu cür multidissiplinar və praktik ölçmə mexanizmləri tətbiq edilməyib. Əksinə, qiymətləndirmə formallığa çevrilib və kütləvi şəkildə müəllimlərin nəticələrinə mənfi təsir göstərib. Bu, sadəcə fərdi narazılıq doğurmur, həm də mədəniyyət təhsili sisteminə olan inamı sarsıdır. Əgər ali təhsilli, uzun illər təcrübəsi olan musiqi müəllimləri attestasiyadan kəsilirsə, burada məsuliyyət təkcə müəllimlərdə deyil, eyni zamanda qiymətləndirməni təşkil edən və meyarları müəyyən edən strukturlardadır. Bununla belə, bu prosesi yalnız neqativ prizmadan qiymətləndirmək də doğru olmaz. Attestasiya sisteminin tətbiqi müəllimlərin peşəkar inkişafına təkan vermək məqsədi daşıyır və bu baxımdan dövlətin müəllim hazırlığına və kadr keyfiyyətinə diqqət yetirməsi təqdirəlayiqdir. Lakin bu təşəbbüsün effektivliyi yalnız şəffaf, ədalətli və ixtisasa uyğun qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə mümkün ola bilər. Əks halda keyfiyyət yüksəlməyəcək, əksinə təcrübəli və istedadlı müəllimlər sistemdən uzaqlaşdırılacaq”.
Mütəxəssis qeyd edib ki, hazırkı vəziyyətdə əsas vəzifə attestasiyadan keçə bilməyən müəllimlərin hüquqlarının qorunması, nəticələrə inzibati qaydada yenidən baxılması və əlavə təkrar qiymətləndirmə imkanı yaradılmasıdır:
“Bu müəllimlər üçün fərdi təkmilləşmə proqramları, metodik təlimlər və mentorluq dəstəyi təmin edilməli, onların sistemdən tamamilə uzaqlaşdırılması yolu seçilməməlidir. Əks halda musiqi təhsili sahəsində kadr çatışmazlığı dərinləşəcək və bu, xüsusilə bölgə məktəblərində təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək. Nəticə olaraq, Mədəniyyət Nazirliyi bu prosesə sadəcə formal yanaşmamalı, attestasiyanın nəticələrinə dair ictimai hesabat təqdim etməli, qiymətləndirmə meyarlarını açıqlamalı və nəticələri mübahisələndirmək üçün müəllimlərə real hüquqi mexanizmlər təqdim etməlidir. Əgər bu baş verməzsə, cəmiyyətin mədəniyyət təhsilinə inamı azalacaq, müəllimlər isə öz peşəkar dəyərini və sosial motivasiyasını itirəcək. Bu isə nə dövlətin strateji maraqlarına, nə də mədəni irsin davamlılığına xidmət etmir”.
Sevinc İbrahimzadə / BEY MEDİA
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.