Netanyahu Trampla görüşdən nə qazandı?

Netanyahu Trampla görüşdən nə qazandı?


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşüb. Görüşdə İran ətrafında gərgin vəziyyət və ABŞ və İsrail arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Politoloq Əlimusa İbrahimov BEY MEDİA-a açıqlamasında görüşdən sonrakı nəticələrdən danışıb.


O, Netanyahunun görüş çərçivəsində ABŞ ilə İsrail arasında digər məsələlərlə yanaşı, tarif məsələsinin də müzakirə edəcəyini xatırladıb:

“Məlum olduğu kimi, Trampın İsrailə tətbiq etdiyi 17 faizlik vergi tarifləri İsraildə, yumşaq desək, mənfi qarşılanmışdı. Hətta bəzi İsraildən olan siyasətçilər bunu ölkəyə arxadan vurulan zərbə kimi qiymətləndirdilər. Görüş və müzakirələr başa çatdı, mətbuat konfransı oldu, ancaq tarif məsələsinin müzakirə olunması barədə heç bir məlumat yoxdur. Bütün dünyanı təlatümə gətirən bu məsələnin İsrail üçün əhəmiyyəti elan olunan səviyyədə deyilmi? Yaxud Netanyahu ilə Tramp arasında müzakirəyə çıxarılan digər məsələlər daha əhəmiyyətli olub? Hər halda bu, siyasətçiləri düşünməyə məcbur edən və sıradan olmayan bir hadisədir”.

Politoloq diqqətə çatdırıb ki, Netanyahu görüş öncəsi Trampla İran, Türkiyə və tarif məsələsinin müzakirə olunacağı anonsunu versə də, görüşün sonundakı mətbuat konfransında bu məsələnin üzərində dayanılmayıb:

“Əvəzində isə İsrail-İran, İsrail-Türkiyə münasibətlərinin müzakirə olunması barədə ətraflı məlumat verildi. Trampın səsləndirdiyi fikirlərin ilk baxışda Netanyahunun gözləntiləri ilə üst-üstə düşməməsi göz qabağında idi. Baş nazir Trampdan İrana qarşı hücuma razılıq almaq fikrində olsa da, ABŞ prezidenti İranla birbaşa danışıqların yaxın günlərdə başlayacağının anonsunu verdi”.

Ə.İbrahimovun sözlərinə görə, Türkiyə və Rəcəb Tayyip Ərdoğan haqqında Trampın istifadə etdiyi ifadələr də heç Netanyahunun ürəyincə olmayıb:

“Çünki o, müzakirələr zamanı Ərdoğandan Trampa şikayət etmək məqsədi güdürdü. Amma Trampın Türkiyə və onun prezidenti haqqında yüksək fikirdə olması İsrail Baş nazirini məyus etdi. Beləliklə, mütəxəssislər Trampla bu dəfəki görüşün Netanyahu üçün son dərəcə uğursuz alındığı fikrini irəli sürürlər. Amma düşünürəm ki, bu, ilkin mülahizələrdir, sonrakı hadisələrin inkişaf trayektoriyası vəziyyətin nə yerdə olması barədə dəqiq fikir yürütməyə imkan verəcək”.

Sevinc İbrahimzadə / BEY MEDİA



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


← Ana Səhifə