ABŞ atəşkəsə nail ola biləcək?

ABŞ atəşkəsə nail ola biləcək?

ABŞ-nin səylərinə baxmayaraq, Rusiya hələ də Ukrayna ilə atəşkəsə razı olmur. Münaqişənin davam etməsi isə həm beynəlxalq narahatlığı artırır, həm də diplomatik həll yollarını çətinləşdirir.

Politoloq Kazım Kazımov BEY MEDİA-a açıqlamasında bildirib ki, Rusiya və Ukrayna arasındakı müharibəni sadəcə Ukrayna-ABŞ səviyyəsində görmək doğru deyil. Çünki döyüşən tərəflərdən biri birbaşa Ukraynadır:


“Birincisi, Ukrayna bu şərtlər altında atəşkəsə razı deyil. Çünki Ukrayna ərazisinin faktiki olaraq 20 faizə yaxını Rusiya tərəfindən zəbt olunub. On minlərlə, hətta yüz minlərlə ukraynalı bu döyüşlərdə həyatını itirib və milyonlarla insan vətənini tərk etmək məcburiyyətində qalıb. Belə olan halda Ukrayna maddi zərərlər ödənməmiş torpaqlarının heç olmasa müharibədən əvvəlki vəziyyətə qaytarılmayınca və Rusiyanın bir daha hücum etməyəcəyi ilə bağlı beynəlxalq təminatlar verilməyincə atəşkəsin bərqərar olunmasını istəmir”.

K.Kazımov Rusiyanın da atəşkəsə razı olmadığını söyləyib:

“Səbəb Ukraynanın NATO-ya yaxınlaşması, Şərqi Avropada ballistik raketlərin yerləşdirilməsi, NATO-nun genişlənməsi və iqtisadi sanksiyaların tamamilə qaldırılmamasıdır. Bu isə ABŞ-nin qısa müddətdə həll edə biləcəyi bir məsələ deyil. Çünki hər iki tərəfin razı salınması tələb olunur. Digər tərəfdən, Avropa ölkələri də bu şərtlər altında özlərini güvəndə hiss etmirlər və atəşkəsə tam şəkildə razı deyillər. Əgər Ukrayna və Rusiya tərəfləri heç olmasa minimal şərtlərlə razılaşmasalar, ABŞ bu gün atəşkəsi bərqərar edə bilməz. Bu istiqamətdə Ağ Ev rəhbərliyi çalışır və hətta prosesi sürətləndirməyə cəhd göstərir. Donald Tramp dövründə Vladimir Zelenskinin Ağ Evdə qarşılaşdığı vəziyyət bunun əyani sübutu idi. Lakin Ukraynanın da bu məsələdə kifayət qədər qərarlı olduğunu göstərdi. Ona görə də həm Kremllə, həm də Kiyevlə dil tapmaq lazımdır. Əgər iki tərəf ən azından minimal razılığa gəlməsə, heç bir atəşkəsdən söhbət gedə bilməz”.

Sevinc İbrahimzadə / BEY MEDİA



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


← Ana Səhifə