fbpx

Müqəddəs yalan

Rüya Yorumları burda

Müqəddəs yalan…

(hekayə)

 

Kamal müəllimin ağır xəstə olduğunu oğlu Fuaddan eşitdim. Mənə zəng edib: – Atamın vəziyyəti çox ağırdır, – dedi. – Vaxt tapsanız gəlib ona baş çəkərdiniz. – Anamdan hər gün sizi soruşur. Deyir,  görəsən, dostum Həzi xəstə olduğumu bilirmi?

Otuz ildi Kamalla dostluq edirdik. Xeyir-şərdə, çətin günlərimizdə bir-birimizə dayaq olmuşduq. İndi onun ağır xəstə olduğunu biləndə yaman pis oldum.

Rüya tabirlerini burdan oku

Elə səhəri gün Bakıya yola düşdüm. Dostum Xırdalanda olurdu. Əvvəllər onlarda çox olmuşdum. İndi isə  iş-güc əlindən az-az görüşürdük.

Otağa girəndə, dostumu çarpayıda uzanılı vəziyyətdə gördüm. Gözləri qapıda idi, elə bil məni gözləyirdi.

Yaxınlaşıb əl verdim. Gömgöy, damarları çıxmış əlini mənə uzatdı və titrəyən əliylə əlimdən yapışıb, yanında oturmağı işarə etdi. Sonra isə xırıltılı səslə:

– Nə yaxşı gəldin, Həzi! Necəsən?! – soruşdu.

İçimdən, bir əlçim qəhər qopub, düz ulqumumda tıxanıb qaldı. Gözlərim yaşardı. Gülümsəməyə çalışdım, amma gözlərimdən gilənənən göz yaşları buna imkan vermədi. Başımın işarəsiylə; – “yaxşıyam” – deyə bildim.

O, hələ də əlimdən möhkəmcə tutmuşdu. Elə bil, əlimi buraxsaydı, sanki quş olub uçub gedəcəkdim, bir də heç vaxt məni görməyəcəkdi. Bəlkə də, sağlam olduğuna məni inandırmağa  çalışırdı. Necə olsa dost idik, üzülməyimi istəmirdi.

Gözləri bulanıq və yorğun görünürdü. Sifəti isə avazımışdı, kül rəngində idi. Onun bu xəstəlikdən bir daha qurtula bilməyəcəyini zənn etdiyimdən, başımı aşağı salıb, əllərimi ovuşdura-ovuşdura dərindən köks ötürdüm.

Aradabir başımı qaldırıb onun üzünə baxırdım. Nəzərlərimiz toqquşanda, onun gözlərinin dərinliyində sönməkdə olan bir işıq seli görürdüm. Bu işıq seli gecənin qaranlığında göy üzündə batıb-çıxan ulduzlara bənzəyirdi. Bu işartı, həm də, elə bil, insanın son yaşamaq istəyindən doğan və çox-çox uzaqlardan boylanan bir ilğım seli idi.  İnsanın son ümidi kimi…

Otaq ailə üzvləriylə dolu idi. Hamı sükuta dalaraq nəzərlərini bizə dikmişdi. Mən onun sağalmaz xəstəliyə duçar olduğunu anlayırdım. Yəqin ki, ailə üzvləri də onun xəstəliyinin çox ağır olduğunu  bilməmiş deyildilər.

Oğlu Fuad yanımda oturub, qolunu çiynimə qoymuşdu. Atasının yaxın dostu olduğum üçün məndən bir az da olsa təsəlli umurdu. Necə olsa, evin böyük oğul idi, həkimlər ona atasının sağalmaz dərdə düçar olduğunu deməmiş olmazdılar.

Həyat yoldaşı Nuşabə xanım isə, bizdən bir qədər aralı dayanaraq, bütün diqqətini xəstənin üzündə cəmləşdirmişdi. O, evdəkilərin hamısından çox əziyyət çəkirdi. Xəstə qulluğu tutmaq o qədər də asan iş deyildi.

Onlar gəlişimi, sanki çoxdan gözləyirmişlər kimi, nəzərlərini üzümə dikərək, ağzımdan çıxan hər sözə diqqətlə qulaq asırdılar. Elə bil, bu gəlişmlə hər şey dəyişdirəcəkdim. Onların ağır xəstə olan əzizlərini sağaldıb ayağa qaldıracaq və yenidən onları əvvəlki xoş həyatlarına qaytaracaqdım.

Onları qınamırdım, çünki hamımızın xəstəsi olub. Ağır xəstəsi olanlar yaxşı bilirlər ki,  belə vaxtlarda kiçik bir təsəlli insana nə qədər kömək olur.

Otaqda yaranmış dərin sükutu Kamal müəllimin xırıltılı səsi pozdu:

  • Hə, qardaş, bu da həyatın sonu. Demək, mənimki bura qədərmiş…

Əlimi onun ağ, seyrək saçlarına toxunduraraq:

  • Nə olub sənə, qardaş?!.. Şükür, lap yaxşısan!.. – dedim.

O, xəfifcə gülümsədi:

– Deyirsən, sabahdan stadiona gedib, lap, futbol da oynaya bilərəm, hə?!

– Doğru deyirəm, lap yaxşısan. Maşallah, nə olub ki, bir az naxoşlamısan. Keçib gedər. Birinci dəfə deyil ki, xəstələnməyin, – deyə ona ürək-dirək verməyə çalışdım.

– Bu xəstəlik o xəstəliklərdən deyil, Həzi. Bu zəhrimara qalmış xərçəngdir. Artıq, nəfəs ala bilmirəm. Görürsən, şiş gəlib boğazıma dirənib? – deyə o, dikəlmiş sinəsini gözünün işarəsiylə mənə göstərdi. – Sən də deyirsən ki, yaxşısan, sağalacaqsan.

Onun bu sözlərinə kiçik qızı hönkürdü.

Pis vəziyyətə düşmüşdüm. İnsanın düşdüyü ən ağır məqam çarəsi olmayan bir şeyə çarə axtapmaqdır.

Mənim də yaz  buludu kimi dolduğumu hiss etdiyindən, dostum əlimi möhkəmcə sıxaraq:

– Ürəkli ol… Sən ki möhkəm adamsan. Mənəm də, bu gün varam, sabah  yox. Burada nə var ki, dünyanın nizamı belə qurulubdur. Mən öləcəyəm, sabah bir başqası diriləcəkdir. Gəlimli, gedimli vəfasız dünyadır da…

Özümdən aslı olmayaraq bağırdım:

– Sən ölməyəcəksən, Kamal!..

Bu sözü elə ürəkdən, elə həyəcanla dedim ki, ailə üzvlərinin hamısı dönüb üzümə baxdılar. Onların bu baxışlarını görəndə diksinən kimi oldum. Çünki hər birinin gözlərinin dərinliyində mənə yalvarış dolu bir sual tuşlanmışdı. Onları məyyus etməmək üçün:

  • Hə, doğru deyirəm, o ölməyəcək, hələ çox yaşayacaqdır!..

– Axı, mən xərçəngəm, ömrümə lap az qalıb. Öləcəyimi həkim də oğluma deyib. Deyib ki, onu narahat etməyin, ürəyi nə istəyir qoy etsin.

– Həkim düz deməyib!  Sən yaşayacaqsan, hələ çox yaşayacaqsan.

– Axı, sən hardan bilirsən bunları?! – deyə o, gözlərini gözlərimin içinə dikərək soruşdu.

Doğrusu, yaman pis vəziyyətə düşmüşdüm. Axı, mən bu adama necə təsəlli verim?  Ölüm ayağında olan bu adamı necə sakitləşdirim? Onun mənə dikilən baxışlarında elə bir məzlumluq, elə bir yalvarış var idi ki, sanki onun canını əzrayıl yox, mən dostu alacaqdım.

Allaha yalvarırdım ki, bu dəmlərdə mənə kömək olsun. Mənim beynimə elə bir fikir salsın ki, həm özümü, həm də bu biçarə dostumu vəziyyətdən çıxara bilim. Birdən ağlıma bir fikir gəldi.

– Kamal, doğru deyirəm, sən ölməyəcəksən. Vallah, ölməyəcəksən, inan mən! – deyə onun çiyinlərindən tutub, ehmalca silkələdim.

O, gözlərini dolandırıb üzümə baxdı və gülümsəyərək:

– Axı, nədən bilirsən?! De, inanım ki, doğurdan da,  mən ölməyəcəyəm.

Mən dərindən köks ötürüb:

– Kamal, pis adamlar ölmürlər, axı! – dedim.

Mənim bu sözlərim onun ailə üzvüləri tərəfindən, əvəlcə yaxşı başa düşülmədiyindən, hamısı çaş-baş qalaraq, təəccüblə bir-birlərinin üzünə baxırdılar.

Bir az keçəndən sonra, Kamal xırıltılı səslə gülməyə başladı. Sonra həyat yoldaşı, daha sonra  uşaqları da ona qoşuldular. Otağı gülüş səsləri götürmüşdü.

Çaşıb qalmışdım. Uydurduğum bu yalanla onların yanan ürəklərinə  bir damcı da olsa su çilədiyim üçün elə sevinirdim ki…

Özüm də onlara qoşulub gülməyə başladım. Gülə-gülə də deyirdim: – Hə də, heç görmüsünüzmü hansısa pis adam ölsün?!

Qəribə də olsa, mənə elə gəlirdi ki, elə bu an Kamal müəllimin bütün ailə üzvlərinin ürəyindən bir fikir keçirdi: – Kaş, o pis adam olaydı!..

Elə, dostumun özü də ürəyində pis adam olmağı barədə fikirləşirdi. Bəlkə də, nə vaxtsa kiməsə etdiyi pislikləri yadına salmağa çalışırdı. Amma nə qədər düşünürdüsə, kiməsə etdiyi bir pisliyi yadına belə  sala bilmirdi…

İki gün onlarda qaldım. Dostumun vəziyyəti bir az düzəlmişdi, yeyib-içir, ailə üzvləriylə şirin-şirin söhbət edirdi.

Sonra evə döndüm. Ayrılanda dostum zarafatla:

  • Həzi, deyirsən, daha mənə zaval yoxdur?! Ölməyəcəyəm?!
  • Hə… Hə… Əlbəttə! – Daha heç nəyi vecnə alma. Yaxşı adam deyilsən ki,  öləsən.

Bu sözlərimə hamı gülüşdü.

Evə qayıdandan üç gün sonra, Kamalın oğlu Fuad gecə yarısı mənə zəng vurmuşdu. Ağlaya-ağlaya:

– Həzi əmi, atam öldü!..  – dedi…

Bu qəfil xəbərdən sarsıldığım üçün hönkürdüm. Sonra Fuada təsəlli verərək:

– Səbirli ol, oğlum… Onsuz da, yaxşı insanlar çox yaşamırlar!.. – dedim.

 

 

 

 

 

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu