fbpx

“AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ \”ƏDƏBİYYAT\” QƏZETİNİN KÖLƏSİNƏ ÇEVRİLİB.”– İBRAHİM HƏSSAS (şairlə müsahibəmizdən)

“AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ “ƏDƏBİYYAT” QƏZETİNİN KÖLƏSİNƏ ÇEVRİLİB.”– İBRAHİM HƏSSAS (şairlə müsahibəmizdən)

Ötən günlərdə dəyərli sənətkar, şair, Azərbaycan dili və ədəbiyyat müəllimi, əməlləri və sənətilə Şirvan şəhərinin və bütün Şirvan elinin fəxri olan, mətbuatda “İbrahim Həssas” kimi tanınan İbrahim müəllimlə bir çay süfrəsində görüşdük və həyat və yaradıcılığı barəsində səmimi bir söhbət etdik. İndi sizlərə o söhbətdən çıxardığımız maraqlı müsahibəni təqdim edirik:

İbrahim Həssasın qısa həyat yolu?

  • Qismətdən mən elə bir torpaqda doğulmuşam ki, o torpaq Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət və s. kimi söz ustadları yetişdirib. Bu torpağın havasındanmı, suyundanmı bilmirəm,  nədənsə bu torpaqda doğulanlar incəsənət adamı olmağın bir addımlığındadırlar hər zaman. Kimi Allahın bu insanlara bəxş etdiyi ilahi istedadın sayəsində bu bir addımı atır, kimi də özünə verilən bu istedaddan xəbəri olmadan bu dünyada yaşayır və ölüb gedir. Ta qədim dövrlərdən Şamaxı mühitinin ədəbiyyata təsiri inkaredilməzdir. Və bu təsiri öz həyatımda da hiss etməyə bilməzdim. Valideynlərimin, ailə üzvlərimdən olanların bəzilərinin, qan qohumluğu daşıdığım insanların çoxunun şeir yazmaq bacarığı olub və şeirə-sənətə bağlı insan olublar. Lap kiçik yaşlarımdan cızma-qaralar etsəm də, yaradıcılığa 2000-ci illərdən başlamışam. Özümü 2000-ci illər ədəbiyyatına mənsub hesab edirəm. İlk kitabım 2008-ci ildə “Sən dediyin günəş çıxıb” adında çap olunub. İkinci kitabım 2017-ci ildə çapdan çıxan “Yasəmən rəngli kədər” adlı kitabdır. “Kölə olma!” adlı kitabım 2019-cu ildə çap olunan üçüncü kitabımdır. Bundan əlavə tələbəlik illərində “Addımlar”  almanaxının 5-ci sayında, 2010-cu ildə “Muğanın səsi” adlı almanaxda, 2012-ci ildə “Əbədi Şirvan” başlıqlı (Ədəbi-bədii, elmi-kütləvi, publisistik rüblük jurnalda) şeirlərim çap olunub.

Sizin üçün Ədəbiyyat nə deməkdir?

  • Ədəbiyyat – sözə dəyər verən, sözü gözləri üstündə üfləyib saxlayan bir adamın özünü təsdiq etməsi üçün bir arenadır. Azad, sərbəst düşünən insanların haqqa tapındığı yerdir. Bu yerdə namərdlərə, satqınlara, yaltaqlara, şərəfini itirənlərə yer yoxdur. Mübarizə meydanıdır, o meydan ki, orada ədalətsizliyə, haqsızlığa, Allahsızlığa qarşı meydan sulayanlar yer alır. Və bu meydanda tülkülərə, tülküsifətlərə heç zaman yer yoxdur.

Sevgi şeirlərdəmi, ya həyatdamı daha gözəldir?

  • Sevginin məkanı və zamanı yoxdur. Sevgi hər yerdə, hər vaxt gözəldir. Viktor Hüqo demişkən, “Dünyada ən böyük xoşbəxtlik, əmin olmaqdır ki, sizi sevirlər, sizin özünüzə görə sevirlər, daha dəqiq desək, sizə rəğmən sevirlər”. Bu mənada real həyatda sevgini yaşamaq, sevginin dadını çıxarmaq şeirlərdə duymaqdan, hiss etməkdən daha gözəldir. Hərçənd ki, şeir özü də bir sevgidir. Sevgidən doğulan, sevginin dünyaya gətirdiyi bir prosesdir. Sevgi haqqında yazılan şeirlərin hər biri könül oxşayır. Sadəcə baxır sən o şeiri hansı anda, hansı durumda oxuyursan. Biri də var sən o şeirlərdən oxuduğun sevgini öz həyatında yaşayırsan. Bu, daha qəlb ovudandır.

Günümüzün ədəbi problemləri?

  •  Sovet imperiyası dağılıb müstəqillik qazandığımız gündən bu vaxtacan ədəbiyyatımızda müsbətə doğru elə də böyük hadisə baş verməyib. Bu o deməkdir ki, ədəbiyyatımız tərəqqi etmək yolunu ya azıb, ya da itirib. Bunun da başlıca səbəbləri var. Səbəblərdən ən başlıcası yazıçı Anarın 30 ilə yaxın bir müddətdə Azərbaycan Yazıçılar Birliyi kimi bir quruma başçılıq etməsidir. Əlbəttə ki, “əvəzolunmaz bir insan yoxdur” deyilən bir qayda mövcud deyil. Bu adam elə bilir ki, bu Birlik, bu Birliyin binası, daşı-divarı onun əbədi malikanəsidir. Kimsə nə əlindən ala bilər, nə də yaxın dura bilər. Adam özünü doğrudan-doğruya Ramiz Mehdiyev kimi aparır. Sanki ədəbiyyatın monopoliyasına baxır bu adam. Nəinki paytaxtda, hətta bölgələrdə də bu birliyin filiallarına rəhbərlik öz adamlarının əlində cəmlənib. Bu səbəbdən doğan nəticələr göz qabağındadır. Məsələn, Yazıçılar Birliyi son 30 ildə hansı şairə, hansı yazıçıya öz balansından ev verib? Orta və cavan nəsil qələm əhlindən kimin kitabları bu qurum tərəfindən kütləvi şəkildə çap olunub? Hansısa romanına, hekayəsinə, şeirinə görə kimə qonorar verilib? Hansı azad, sərbəst düşüncəli yazarın kitabının təqdimatı təntənəli şəkildə keçirilib? Əlbəttə ki, olsa-olsa, əqidəcə, təfəkkürcə özlərinə yaxın olan insanların. Hansı ki, hər il böyük məbləğdə pullar ayrılır bu Birliyə. Kitablarda, qəzetlərdə, sosial şəbəkələrdə bir-birini tərifləməkdən, bir-birinə xoş söz deməkdən ibarətdir bu Birliyin siması. Məncə, artıq ləğv olunmalı, dağıdılmalıdır bu Birlik. Yeni formatda, ampulada ədəbi nəsə yaradılmalıdır. Sovet təfəkküründən qopan, ayrılan, müstəqil şəkildə özünü ifadə edən bir təşkilatda cəm olmalıdır şairlər, yazıçılar. Yalnız bu şəkildə tərəqqidən söhbət gedə bilər. Dünya ədəbiyyatına çıxışımız da bu yolla mümkündür. Ədəbi aləmdə utancverici hal bilirsiniz, nədir? “Ədəbiyyat”  qəzeti adlandırdığımız bir qəzet çoxdandır ki, siyasiləşib. Yazıçılar Birliyi “Ədəbiyyat” qəzetinin köləsinə çevrilib. Bu daha dözülməzdir.

Ən çox sevdiyiniz ədəbi janr və cərəyan?

  • Mən, ümumiyyətlə, istər şeir, istərsə də nəsr olsun, yazmamışdan öncə planlaşdırmıram ki, hansı vəzndə, hansı janrda yazacağam. Bədii yazı yazmaq bir haldır. Bu hal gəldikdən sonra sən artıq bilirsən ki, qələmi hansı janra tərəf sürükləyəcəksən. Mənim əruz vəznində də, heca vəznində də, sərbəst şeirdə də yazılarım var. Janra gəlincə şeirdə qoşma formasında, gəraylı formasında olan müasir dördlüklər daha çox könlümü oxşayır. Nəsrdə isə yığcam, oxunaqlı hekayələri, esseləri çox sevirəm. Qaldı ki, kənardan romantik kimi görünsəm də, mən realistəm. Bu baxımdan mənim ruhuma, ovqatıma realizm cərəyanı daha yaxındır. Buna baxmayaraq daim həqiqət axtarışındayam. Bəzən surrealizmə də baş vururam. (gülür)

Xoşbəxt olmaq, yoxsa yaxşı yaşamaq – hansı sizin üçün daha çox önəmlidir?

  • Xoşbəxt olmaq mənəvi prosesdir. Yaxşı yaşamaq isə iki anlamda başa düşülə bilər: Maddi və mənəvi. Maddi cəhətdən yaxşı yaşayan insan xoşbəxt olmaya da bilər. Ancaq xoşbəxt olmaq mənəvi baxımdan elə yaxşı yaşamaq deməkdir. Lope de Veqanın bir sözü var: “İnsan özünü xoşbəxtliyə yalandan inandırsa belə, gözəldir. Çünki bu, şəxsə rahatlıq gətirir”.

Şirvan şəhərində ədəbi mühit necədir, sizcə, hansı işlər görülə bilər bu haqda?

  • Şirvan şəhərində ədəbi mühit, demək olar ki, yox dərəcəsindədir. Yazıb-yaradanlar fərd halında özünü göstərir. Bu şəhərdə ədəbi dərnəklərin, cəmiyyətlərin olmasına ciddi ehtiyac var. Ədəbiyyatla maraqlanan, yazıb-yaradan, sözə qiymət verən insanlar yetərincədir. Əfsus ki, onların bir yerə toplanması, toplum halında fəaliyyət göstərməsi üçün hec bir mühit yoxdur. Dəfələrlə bu barədə adiyyatı orqanlara təklifimi bildirsəm də, nəticəsi olmayıb. İstər yaşlı, istərsə də gənc nəsil arasında qələm əhli var. Hətta yaradıcılıqla məşğul olan xanımlar da az deyil. Toplaşmaq, fəaliyyət göstərmək üçün bir yer nəzərdə tutulsa, yavaş-yavaş qalan məsələləri həll etmək olar.

Vətən mövzulu şeirlərdə sizcə, pafos çoxdur və ya təbiilik, səbəb nədir?

  • Zənnimcə, bu mövzu elə bir mövzudur ki, burada boğazdan yuxarı danışmaq olmaz, danışsan belə tez nəzərə çarpacaq. Vətən mövzusunda yazılan şeirlərin əksəriyyəti içdən deyilən şeirlərdir. Təbiilik bu səpkili şeirlərin mayasıdır. Ancaq pafos da olmalıdır. Çünki insanlar təmtəraqlı, tərənnüm xarakterli, seçilmiş fikirləri özləri boyunlarına almasalar da belə daha tez həzm edə bilirlər.

Hansı şairin həyatını yaşamaq istərdiniz və niyə?

  • Öz həyatımı yaşamaq daha xoşdur mənə. Hər bir şair, yazıçı özü öz həyatını necə yaşayacağını lap gənc vaxtlarından müəyyənləşdirir və yaşayacağı bu həyatı bir növ cəmiyyətə təlqin də edir. Ancaq belə bir şansım olsaydı, ulu Nəsiminin həyatını yaşayardım. Mən bir neçə dəfə demişəm, indi də deyirəm: “Azərbaycanda ən hündür heykəl İmadəddin Nəsimiyə qoyulmalıdır”. Bu adam mübarizə rəmzidir. Necə ki İslam dinində Həzrəti Hüseyn bu missiyanı layiqincə yerinə yetirib, ədəbiyyatda da bu öhdəliyi Nəsimi vicdanlı şəkildə daşıyıb. Ədəbiyyatda mübarizə deyəndə, mübarizəkarlıq deyəndə Nəsimi yada düşür. Qorxmazlıq, mərdlik, şərəfli yaşamaq, azad və sərbəst düşüncə, təfəkkür anlayışları Nəsimi yaradıcılığının əsasını təşkil edir. Nəsimi ucalıq, saflıq simvoludur.

Yaradıcılıq planlarınız?

  • Heç nəyi əvvəlcədən planlaşdırmıram. Necə olacaq, nə cür olacaq, olacaq! Yaradıcılıq haqqında bir anın içində hansısa fikrə düşə bilərəm. Ancaq istərdim ki, yarımçıq qalan yazılarımı tamamlayım. Xüsusən də, nəsr əsərlərim yaxın zamanlarda yığılıb çap olunsa, sevincimə səbəb olardı. Bunun üçün də yazıların üzərində ciddi şəkildə işləmək lazımdır. Bax bu, ancaq planımda yoxdur. Mən heç vaxt yaradıcılığımın arxasınca qaçmamışam ki, onu bir yana çıxarım. Elə yaradıcılığım da mənimlə birlikdə addımlayıb. Əl-ələ tutuşub gedirik ömrün sonlarına doğru. Mənim onu yarı yolda qoymaq fikrim yoxdur, hesab edirəm ki, o da məni yarı yolda qoymaz! Qustav Flober deyib ki, “Yazıçılıq – inandığını kəşf etmək sənətidir”. Və beləcə inandıqlarımızı kəşf edə-edə yazıb-yaradırıq.

Müsahibəni apardı: ELŞƏN İSMAYIL

Gənc ədib və kino insanı

Bir Yorum

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu