Nəcib Fazil Qısakürək XX- əsr türk ədəbi mühitinə Allah tərəfindən bəxş olunan ən böyük nemətlərdən biridir. Zəngin yaradıcılığı olan Nəcib Fazil özündən sonra ölməz iz qoyan ustad sənətkarlardandır. Çox gənc yaşlarından özünü ədəbi mühitə bağlayan Nəcib Fazil artıq 20 yaşında istedadlı şair kimi adından söz etdirməyi bacarmışdı. Onun şerlərində milli dəyərlərə bağlılıq, Allahın qüdrətinə olan sonsuz ehtiram, cahilliyi açiq – aydın hədəfə almaq və ən əsası misraların fəlsəfi boyutlarla yer alması xüsusi yer tuturdu. Məhz bu, parlaq fikirlərin nəticəsində, gənc ədib qısa zamanda öz yaradıcılığı ətrafına kifayət qədər oxucu toplamağı bacarmışdı. Litseydə təhsil aldığı zaman, dövrün tanınmış elm xadimləri Yəhya Kamal, Əhməd Aksəki, İbrahim Aksı kimi söz ustadlarından dərs alması da, Nəcib Fazilin gələcək yaradıcılığına böyük təsir etmişdi. İstanbul Universitetinin ədəbiyyat fəkültəsinin fəlsəfə bölümünü bitirdikdən sonra Fransanın Sarbon Universitetinə göndərilən gənc Nəcib bir il də, orada təhsil aldı. Vətənə qayıtdıqdan sonra, onun bankçılıq sistemində çalışması yaradıcılığını bir az arxa plana atır. 1925 – 1932 ci illər ərzində cəmi üç şerlər kitabı işıq üzü görür. 1934 – cü il isə, Nəcib Fazil yaradıcılığında dönüş dövrü olur. Aktiv ədəbi fəaliyyətə başlayan Nəcib işini yalnız şerlər yazmaqla bitirmir. Əbdülhakim Arvasi ilə tanışlığından sonra o, bir – birinin ardınca maraqlı əsərlər ərsəyə gətirir. Pul, Toxum, Bir Adam Yaratmaq kimi pyeslər dövrün oxucusu tərəfindən böyük ilği görür. Şair, yazıçı – dramaturq, filosof Nəcib Fazil 1936 – cı ildə artıq siyasi yazıları ilə gündəmdə olur. Böyük Şərq jurnalında dərc edilən siyasi yazılarla İsmət İnönü və tək partiya CHP rəhbərliyinə qarşı müxalif mövqeyini bariz şəkildə ortaya qoyan Nəcib Fazil çox keçmədən həbs olunur. Cümhuriyyət qanunlarında təsbit olunan 163 maddəyə zidd olan yazılara görə, dövlət ittihamçıları tərəfindən ədibə yüz illərlə həbs cəzası tələb olunur. Həbsdə olduğu illərdə, Nəcib Fazil “Cinnət Mustatili” adlı əsərini yazır. Kitabda həbsxana xatirələri geniş yer alır. Onun bu, əsəri də, oxucuları tərəfindən maraqla qarşılanır. Böyük ədib Nəcib Fazilin ömür yolu tufanlarda keçsə də, ağır məhrumiyyətlərə rəğmən yenə də öz azad düşüncələrini oxucusu ilə paylaşmağa müvəffəq olmuşdu. Ömrünün son illərində, ədibə, Dövlət tərəfindən xüsusi diqqət və ehtiram göstərildi. 1980 – ci ildə Türkiyə Cümhuriyyəti Mədəniyyət Nazirliyi tərəfindən “Böyük Mükafat” a, “İman və İslam” adlı əsərinə görə isə, “Milli Kültür Vəqfi” mükafatlarını alır. 1982 – ci ildə Türkiyə Yazıçılar Birliyi tərəfindən “Ali Xidmət” mükafatı ilə təltif olunur. Nəcib Fazil 1980 –ci ildə Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Sultan – üs Şüara” (Şairlər Sultanı) Fəxri adına layiq görülür. Görkəmli ədib, 1983- cü il mayın 25- də, öz doğum günü gözlərini dünyaya əbədi yumur. Belə bir gün, hər Allahın quluna nəsib olmaz. Doğulduğu gündə əbədiyyətə yolçuluq etmək, bəlkə də, bu da, Yaradanın bir hikmətidir, hikmət sahibi olan bəndələri üçün. Nəcib Fazilin fəlsəfi fikirlərini oxuduqca, insanın həyata qarşı fikirlərində bir dəyişiklik baş qaldırır. Fikirlər doğru hədəfə yönəlir. Bu, doğruların cəmi isə, Allahın kölgəsində tamamlanır.
Nəcib Fazil Qısakürək – fəlsəfi fikirlərdən seçmələr.
Ömür ağac budağında saralan bir yarpaqdır; nə qədər gənc olursa olsun sonu qara torpaqdır.
An olur bir qərib duyğuya dalıram; mən bu, səfil dünyada əcəba nə arayıram?
Fəlsəfə; çürük cevizlərlə dolu dənizdə sağlam cevizi axtarmaqdır.
Bizlər aclıqdan qarnına daş bağlayan Peyğəmbərin, doymaq bilməyən ümmətiyik.