Tarixdə bu gün, 17 dekabr
Bu gün dünya ədəbiyyatı və mənəviyyatının nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Ruminin xatirə günüdür.
1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olan Cəlaləddin 13 yaşında (1220) ailəsi ilə Türkiyənin Konya şəhərinə köçüb və burada mövləvilik təqriqətinin əsasını qoyub.
Lirik şeirlər divanı və bir sıra risalələrin müəllifi olan Cəlaləddin Ruminin ən böyük əsəri bir çox xalqların dilinə tərcümə edilən “Məsnəvi”dir.
Mütəfəkkir şair 1273-cü ildə 70 yaşında Konyada dünyasını dəyişib. (1207-1273)
Mövlanənin ölümü Türkiyədə həm də “Allaha qovuşma anı” olaraq qəbul edildiyi üçün onun ölüm gününə “Şəbi-Arus” (toy gecəsi) deyilir.
Cəlaləddin Ruminin Türkiyədəki məqbərəsi bu gün də insanların ziyarətgahıdır.
1479-cu ildə yaradıldığı ortaya çıxarılan “Aztek təqvimi” 1760-cı ilin 17 dekabrında “Mexiko City”də tapıldı. 25 ton ağırlığında olan daş təqvimdə bir günəş ili tam olaraq 365 günə bölündüyü üçün arxeologiya sahəsində böyük tarixi abidə sayılır.
17 dekabr 1903-cü ildə Rayt (Wright) qardaşları tərəfindən ilk motorlu təyyarə ABŞ-ın Şimali Karolina ştatında havada uçdu. 12 saniyə davam edən uçuşda 37 metr məsafə qət edildi. Eyni gün keçirilən son sınaqda 59 saniyə havada qalan təyyarə 280 metr uçdu.
1980-ci ilin 17 dekabrında Türkiyənin Avstraliyanın Sidney şəhərindəki baş konsulu Şarık Arıyak və cangüdən polisi Engin Sever erməni terror təşkilatı ASALA-nın üzvləri tərəfindən şəhid oldular.