fbpx
Xəbərlər

“Torpaqlarımızdan erməni separatçılarının təmizlənməsi üçün bütün addımlar atılacaq”

BEY.AZ informasiya agentliyi xəbər verir


Bildiyimiz kimi, Azərbaycan Ordusu hazırda dislokasiya işləri apararaq mövqelərini möhkəmlədirir. Məhz bu addımların uğurlu nəticəsi olaraq, tarixi torpaqlarımızdan olan Fərrux kəndi də Azərbaycanın nəzarəti altına keçdi.

10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatdan iki ilə yaxın müddət keçməsinə baxmayaraq, hələ də Qarabağda erməni silahlı birləşmələri özbaşnalıq edərək mütəmadi olaraq atəşkəsi pozurlar. Bu məsələdə müqavilə şərtlərinə uyğun olaraq yerləşdirilən rus sülhməramlılarının səriştəsiz və məhsuliyyəsizliyi də daima diqqət çəkən məqamlardandır.

Bu barədə Metbuat.aza açıqlama verən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bildirdi ki, 2020-ci ilin noyabrında Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın Baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanata uyğun olaraq bölgəyə müvəqqəti olaraq daxil olan rus sülhməramlarının fəaliyyətinin təhlili göstərir ki, zaman-zaman rus hərbçiləri qanunsuz erməni silahlı dəstələrinin sərbəst fəaliyyətinə sözü ən yumşaq mənasında desək, göz yumublar. Müsahibimizin şərhinə görə, razılaşmaya əsasən rus sülhməramlıları yerləşdirildikdən sonra bölgədən qanunsuz erməni silahlı dəstələri və hərbi birləşmələri tamamilə çıxarılmalı olsalar da, bu məsələdə müqavilə şərtlərinə zidd davranmışdılar.

“Məlumdur ki, sülhməramlıların bölgəyə daxil olması Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı və dövlət başçısının da imzaladığı üçtərəfli bəyanat nəticəsində baş vermişdir. Amma biz şahid olduq ki, bu iki il ərzində müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan ərazilərdə Azərbaycan ordusunun hissələrinə, eləcə də mülki yükləri daşıyan avtomobil karvanlarına qarşı təxribatlar törədilmiş və bunun qarşısının alınması üçün faktiki olaraq heç bir əməli tədbirlər görülməmişdir. Bölgədə son günlər cərəyan edən proseslər artıq fərqli fikirlər yaratmaqdadır. Məlumdur ki, Rusiya ilə Ukrayna arasında baş verən müharibə Rusiya dövlətinin diqqətini qərb istiqamətinə yönəlməsinə gətirib çıxarıb. Bununla paralel olaraq bölgədəki rus hərbi qüvvələri ermənilərin təxribatları üçün çox münbit şərait yaradırlar. Erməni təxribatçıları və terrorçuları da bu fürsətdən maksimum dərəcədə faydalanmağa çalışırlar”.

Elnur Kəlbizadə qeyd etdi ki, son günlər Azərbaycan ordusunun Qarabağda dislokasiya ilə bağlı həyata keçirdiyi işlər, qanunsuz erməni terrorçu dəstələrini ordumuz tərəfindən nəzarət altına alınmasına şərait yaradır. Politoloqun fikrincə, faktiki olaraq baş verən təxribatlar göstərir ki, rus sülhməramlıları bir çox istiqamətlərdə erməni terrorçularının qarşısını almaq, bölgədə sülhü qorumaq iqtidarında deyil. Belə olduğu halda Azərbaycan dövləti öz hərbi gücündən istifadə edərək bölgədə sülhü və sabitliyi təmin etmək məcburiyyətindədir.

Ordumuz Fərrux kəndini belə azad etdi -

“Keçirilən əməliyyatlar, o cümlədən Fərrux kəndinin ordumuz tərəfindən tamamilə nəzarəti altına alınmasını bununla əlaqələndirmək mümkündür. Ümumiyyətlə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamalarından çıxan nəticə odur ki, ya sülhməramlıların fəaliyyəti Rusiya tərəfindən düzgün anlaşılmır, ya da bu fəaliyyətdən istifadə edərək müəyyən şəxslər erməni təxribatlarına uyaraq onların terrorçu fəaliyyətləri üçün şərait yaratmağa çalışırlar. Məhz bu istiqamətdə ölkəmiz tərəfindən atılan addımlar Azərbaycan dövlətinin, xalqının ulu türk yurdu olan Qarabağla bağlı qətiyyətinin bariz göstəricisidir”.

İşğaldan azad edilmiş torpaqlarımızda son günlər baş verənlərin həm də Müttəfiqlik bəyannaməsinin tələblərinə zidd olduğunu qeyd edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı isə hesab edir ki, müqavilənin yerinə yetirilməməsində də təəccüblü bir şey yoxdur. Çünki Rusiya heç vaxt imzaladığı bu kimi sənədlərin bəndlərinin şərtlərini yerinə yetirməyib.

“Ümumiyyətlə 200 il ərzində Rusiya imperiyası götürdüyü heç bir öhdəliyi yerinə yetirməyib. 22 fevral 2022-ci ildə Rusiya ilə Azərbaycan arasında bağlanan müqaviləni tərəflər arasında 1997-ci ilin iyulun 3-də imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”nin davamı kimi də dəyərləndirmək olar. 10 noyabr bəyanatında göstərilib ki, Ermənistan silahlı qüvvələri və qeyri-qanuni silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır. Amma təəssüflər olsun ki, bu şərt yerinə yetirilməyib. Ötən gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarına dair verdiyi bəyanatı da çox sərt və yerində oldu. Məhz bu məqamda Azərbaycan tərəfi 2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin şərtlərinə müvafiq olaraq həmçinin Rusiyanın Ukrayna cəbhəsində uğursuzluqlarını nəzərə alaraq, Fərrux dağını və o istiqamətdə olan ərazini nəzarətimiz altına götürə bildi. Düşünürəm ki, Azərbaycan hazırki məqamda daha səbrli davranaraq təxribatlara uymamalıdır. Ukrayna ilə müharibədə zəifləmiş Putin hakimiyyəti iqtidardan getdikdən sonra Azərbaycan XocalıXankəndinə anti-teror əməlliyyatı təşkil edərək torpaqlarımızı tamamilə erməni silahlı birləşmələrindən təmizləyə bilər”.

Prezident Vladimir Putinin də imzası olduğu üçtərəfli bəyanatın 4-cü bəndinin icrasının mütləq olduğunu qeyd edən millət vəkili Cavid Osmanov Metbuat.az-a bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyinin də mövqeyi bəllidir. Bizim ərazilərimizdəki separatçılar çıxarılmalıdır.


“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı. Rusiya-Azərbaycan- Ermənistan arasında imzalanan Bəyanata əsasən Rusiya Müdafiə Nazirliyi üzərinə düşən vəzifəni icra etməlidir, separatçılar Qarabağdan çıxarılmalıdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini bir daha təsdiqləmiş olub. Qarabağ Azərbaycandır, zamanla lazım olan bütün prosedurlar da həyata keçirilərək erməni terrorçuları da torpaqlarımızdan tam təmizlənəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.7. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.







You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu