ƏDV-nin ləğvi nəşriyyatda hansı yeniliklərə səbəb olacaq?
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Baş nazirin müvafiq qərarı ilə Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.
Yeni qərarla bağlı Metbuat.az-a danışan “Qanun” Nəşriyyat Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu bildirdi ki, ƏDV-nin ləğvi kitaba böyük dəstəkdir:
“Bu, çox mütərəqqi bir addımdır. Yanvarın 1-dən vergi məcəlləsinə dəyişikliyin qüvvəyə minməsi ilə bağlı cənab Prezidentin fərmanı var idi. Lakin Nazirlər Kabinetinin qərarı bir az gecikdi. Çox söz-söhbətə olsa da, nəhayət ki, bu, həyata keçdi. Bu qərar bütün kitabsevərlərin bayramıdır, kitaba böyük dəstəkdir. Nəhayət, Azərbaycanda da belə bir mütərəqqi addım atıldı. Təbii ki, ƏDV-nin ləğvi kitabların qiymətini aşağı salacaq. Bütün dövlətlərdə kitablara ƏDV-nin tətbiq olunmaması ilə çağırışlar edilir. Çox dövlətlər artıq bundan imtina edib. Bizim də bu qərardan imtina etməyimiz yerinə düşdü. Hər kəsi – həm mətbuat işçilərini, həm də kitabsevərləri təbrik edirəm”.
Şahbaz Xuduoğlu
“Mücrü” nəşriyyatını təsisçisi, naşir Müşfiq XAN qeyd etdi ki, əvvəlki illərlə müqayisədə 2021-ci ildən kitabların çapında azalma baş verib:
“ƏDV-nin ləğvi ilə bağlı Milli Məclisdə müzakirələr gedirdi. Nəhayət, bu gün bu qanun qüvvəyə mindi. Mən də bir naşir kimi bütün oxucularımızı təbrik edirəm. Ümid edirik ki, ƏDV-nin ləğvi Azərbaycan kitabçılığının və kitabın kütləviləşməyi üçün bir stimul olacaq. Çünki kitab çapları nəzərə çarpacaq dərəcədə azalıb. Bunun səbəbi isə 2020-ci ildə müqayisədə 2021-ci ildə kağızın qiymətinin il ərzində və 2021-ci ilin dekabrında təqribən 100%-nin 2 dəfə bahalaşmasına səbəb oldu. Bu da təbii ki, nəşriyyatları, naşirləri, ümumiyyətlə kitab camiəsini narahat edən məsələdir. Bu, bizdə yeni imzaların çap olunmasında tərəddüdlər, həmçinin kitabların kütləvi tirajlanması üçün əngəllər yaradır. Bundan başqa, ümumi oxucu auditoriyasının azlığını nəzərə alıb çap etdiyimiz kitabların pərakəndə satış qiymətlərini çox qoya bilmirik, çünki oxucuların alıcılıq qabiliyyəti çox aşağı dərəcədədir”.
Müşfiq XAN
Naşir qeyd edir ki, dünyada və ölkəmizdə baş verən proseslərlə əlaqədər hətta fəaliyyətlərini dayandıran nəşriyyat evləri də olub:
“Kitab əslində çox baha başa gəlir. Azərbaycanda kağızın qiymətinin baha olması, yerli istehsalın olmaması, dünyada baş verən qloblal proseslər kağızın qiymətinin bahalaşmasına səbəb olur. Bu isə bizim fəaliyyətimizi çox məhdudlaşdırır. Nəzərə alaq ki, biz müharibədən yeni çıxan xalqıq. Pandemiya səbəbindən uzun müddət qapanmalara məruz qalmağımız, kitab mağazalarının bağlanması bizim işimizə çox ciddi zərər vurdu. Statistikaya baxanda son bir ildə neçə-neçə nəşriyyat fəaliyyətini dayandırdı. O cümlədən 2 il müddətində heç bir sərgi təşkil olunmadı.
Ümid edirik ki, ƏDV-nin ləğvi bu məsələlərdə bir qığılcım olacaq və kitab sərgilərini, kitaba olan marağı yenidən bərpa edə biləcəyik”.
Gülər Seymurqızı
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.