14 yaşında evlilik üçün qaçırılıb öldürülən Aytacın məzarı
Xəbər verdiyimiz kimi Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarova qətlə yetirilib.
Metbuat.az xəbər verir ki, onu qətlə yetirməkdə şübhəli bilinən “həyat yoldaşı” 1996-cı il təvəllüdlü Alim Sadiqov saxlanılıb. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Aytac Şahmarovanın anası bildirib ki, qızı 2 ay əvvəl Alim Sadiqov tərəfindən “evlənmək” məqsədilə qaçırılıb. Yerli KİV-in məlumatına görə, azyaşlı bu müddət ərzində bir neçə dəfə qaçmağa da çalışıb, hətta bir dəfə qaçmağa müvəffəq olub. Lakin ailələrin bir araya gəlməsindən sonra Aytac Şahmarova “ər evi”nə qaytarılıb.
Yerli sakinlərin sözlərinə görə, A. Sadiqov qeyri-rəsmi nikahda olduğu Aytac Şahmarovaya odlu silahdan 3 dəfə atəş açaraq xəsarət yetirib, yeniyetmə aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Baku tv Aytac Şahmarovanın məzarında çəkiliş aparıb. Məzarın üzərində toy vasitələrinin, xonçanın olması diqqət çəkib.