2023-cü il baramaçılıq mövsümünə start verilib
BEY.AZ informasiya agentliyi xəbər verir
Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanmasına başlanılıb.
Metbuat.az xəbər verir ki, 2023-cü il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu sənaye toxumlarının paylanması prosesinə start verilib. Bu il kümçülərə əvəzsiz olaraq 11500 qutu ipəkqurdu sənaye toxumunun (qrena) paylanması nəzərdə tutulur. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərəfəsində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərə cəlb olunub.
Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının kümçülərə paylanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazir müavini Sarvan Cəfərov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak ediblər.
Nazir Məcnun Məmmədov bildirib ki, barama mövsümü ərəfəsində bütün hazırlıq işləri tam başa çatıb. Kümxanalar aqrozootexniki tələblərə uyğun hazırlanıb, dezinfeksiya işləri həyata keçirilib, kümçülər təlimlərə cəlb olunublar. Baramaçılığın və ipəkçiliyin Azərbaycanda qədim ənənələrinin olduğunu deyən nazir bu sahənin inkişafı üçün dövlət tərəfindən davamlı dəstək tədbirlərinin həyata keçirildiyini deyib.
Tədbirdə qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Tədbirdən sonra yaş barama istehsal olunan rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib, onlarla yeni başlayan mövsümdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyə və tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir Məcnun Məmmədov Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin binası ilə tanış olub, DAİM-in kollektivi ilə görüşüb, rayonda fəaliyyət göstərən təsərrüfatlara baş çəkib. Həmçinin, Şəki ərazisində payızlıq əkin sahələrinin vəziyyəti ilə yerində tanış olub, quraqlığın taxıl sahələrinə vurduğu zərər yerində dəyərləndirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#2023cü #baramaçılıq #mövsümünə #start #verilib