5-ci sinfə də getmədim, amma bütün elmləri bilirəm
Oktyabrın 22-də Bakıya “İnnovativ inkişaf və fürsətlər” mövzusunda keçirilən seminarda iştirak etmək üçün gələn türkiyəli tanınmış iş adamı Acun Ilıcalı ilə görüş günlərdir, ölkə gündəmindən düşmür. Aylar əvvəl anonsu verilən görüşə can atanlar arasında 490 manat verib bilet alan kim, Acunun uğur və varlanma sirrini eşitməyi səbirsizliklə gözləyən kim. Lakin Acunla görüş barədə sosial şəbəkə paylaşımlarına baxanda belə başa düşülür ki, görüş heç də gözlənilən kimi keçməyib.
BEY.AZ bildirir ki, Pravda.az bununla bağlı tanınmış iş adamı, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) fikirlərini öyrənib. İ.Axundov Acun Ilıcalı barədə sualları belə cavablandırıb:
“Acun Ilıcalı şoumendir? Onun iş adamı kimi fəaliyyətindən xəbərim yoxdur. Nə mən, nə də yaxınlarımdan onunla görüşə gedən olmayıb. Öz iş adamlarımızla görüşün keçirilməsi təklifi isə yaxşıdır. Görüş olsa, niyə getmirəm, gedərəm, heç bir problem yoxdur. Hər insanın həyatında, taleyində dönüş nöqtəsi olur. Belə adamlar da bundan çox məharətlə istifadə edirlər. O demək deyil ki, onun dedikləri ilə kimsə nəsə edə bilər. İş adamı olmaq üçün insanlarda fitri, anadangəlmə istedad olmalıdır. Bunun heç nəyə dəxli yoxdur. Mən özüm heç 5-ci sinfə də getmədim. Amma bütün elmləri bilirəm. Hüququ hüquqşünasdan, mühasibatlığı mühasibdən, mühəndisliyi də mühəndisdən çox bilirəm. Bütün işləri mənimsəmişəm. İnsan çalışsa, hər şeyə nail ola bilər. Ətraflı danışmaq üçün, əlbəttə, toplantı olsa, irəli getmək, inkişaf etmək barədə nə lazımdırsa, hamısını açıq şəkildə deyə bilərəm”.