“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Dekabrın 27-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Metbuat.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilən müsabiqədə 100-dən çox iştirakçı 260-dan çox işlər təqdim edərək maraqlı sujet, hadisə və obrazları qələmə almaqla özlərinin yığcam, konkret və lakonik yazı üslubundan istifadə bacarıqlarını sınayıblar. Münsiflər heyəti müsabiqənin mövzusu olan İçərişəhərə aid aşağıdakı işləri qalib elan edib:
“Bakı – muzey, İçərişəhər – ən qədim eksponat.”
(Ümid Bilalov)
“Tarix içində şəhər, şəhər içində tarix.”
(Elgiz Mahmudov)
“Xəzəri qurudan əsrlər, Qız Qalasına toxunmamışdı.”
(Laçın Cavadov)
“- Qədeş, məhəllədən köçən kimdir?
– Qırçı Cabbar.”
(Mehman Mehmanzadə)
“Külək qocanın izinə düşüb, labirintdən keçəcəkdi.”
(Vahid Əsgərov)
“İçərişəhər. Gecəyarı. Ədibin evinin pəncərəsi işıqlıdır.”
(Xatirə Kərimova)
“Nənəmdənqalma yadigar, qurama döşəkçə İçərişəhər ətirli idi.” (Rəşad Şükürov)
“Qız Qalası tənhadır, çünki Elman dayı yoxdur.”
(Rəşad Cəfərov)
“İçərişəhər kimiyəm: meqapolis Bakıda özümə qapanmışam.”
(Fərid Rəsulov)
“Mən yaşlandım, sən dəyişmədin, Qız Qalası.”
(Nərgiz İbrahimova)
Qaliblərin hər biri müsabiqənin təşkilatçıları “Ədibin Evi”, Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 100 azn pul mükafatı ilə təltif ediliblər.
Mükafatlandırma mərasimində çıxış edən münsiflər heyətinin üzvü, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki müsabiqə öz məqsədinə çatıb, təqdim olunan işlərdə lakonizm, obrazlı düşünmək bacarığı, qədim Bakıya bağlılıq və sevgi mövcud idi. Bununla yanaşı müasir kommunikasiya üslublarının yaratdığı gerçəklikdə, qısa məzmunla daha çox fikir çatdırmaq bacarığının asan olmadığı da görünürdü.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Şahin Seyidzadə öz çıxışında “6 Sözlük Əhvalat” müsabiqəsinin şərtlərində hekayələrin mövzusunun İçərişəhər və Bakının qədim ruhunu əks etdirməli olduğununun heç də təsadüfi olmadığını, hekayələr dolu İçərişəhər hər daşında bir tarix yaşadığını vurğulayıb.
Daha sonra “Ədibin Evi”nin Himayəçilik Şurasının üzvləri Ədibə Paşayeva vəTəhsin Mütəllimov qaliblərə mükafatları təqdim edib.
“Ədibin Evi” tərəfindən elan edilən digər müsabiqə – Mir Cəlal adına III hekayə müsabiqəsi hələ də davam edir. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə [email protected] ünvanına 2023-cü il 1 fevral tarixinədək göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.
Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.
Qeyd edək ki, “Ədibin Evi” Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. O, burada onu məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#sözlük #əhvalat #müsabiqəsinin #qalibləri #mükafatlandırılıb