fbpx

Ali Məclisin ilk iclasında sədr seçilmədi

Rüya Yorumları burda


Sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib.

BEY.AZ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli iclasda yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətə başladığını bildirib, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatının aparmalı olduğunu diqqətə çatdırıb.

Ali Məclisin növbəti çağırışının ilk iclasını Ali Məclisin ən qocaman deputatı olan Ramiz Məmmədov aparıb.

Ramiz Məmmədov Ali Məclisə üzv seçildiklərinə görə deputatları təbrik edib və yeddinci çağırış Ali Məclisə seçilmiş deputatların siyahısını oxuyub, yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasını açıq elan edib.

Rüya tabirlerini burdan oku

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda Ali Məclisin Hesablayıcı komissiyasının yaradılması barədə məsələyə baxılıb.

Ramiz Məmmədov Hesablayıcı komissiyanın tərkibini oxuyub, səsə qoyularaq qəbul edilib.

Bundan sonra Ali Məclisin Hesablayıcı komissiyasının iclası keçirilib, üzvləri sırasından komissiyanın sədri və katibi seçilib. Beləliklə deputatlardan Rafiq Novruzov komissiyanın sədri, Canməmməd Canməmmədov komissiyanın katibi, Gülxarə Əhmədova, Xəzəngül Orucova və Həbibə Allahverdiyeva komissiyanın üzvləri seçiliblər.

Gündəlikdə duran ikinci məsələ – Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb.

İclasa sədrlik edən deputat Ramiz Məmmədov bildirib ki, Ali Məclisin Daxili Nizamnaməsinə əsasən, Ali Məclis sədrinin müavinləri Ali Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Nizamnaməyə uyğun olaraq Ali Məclis sədrinin müavini vəzifəsinə namizədliyi, ilk növbədə, Ali Məclisin sədri, sonra isə Ali Məclisin deputatları irəli sürə bilərlər.

Ali Məclisin sədri seçilmədiyindən təklif üçün söz deputatlara verilib.

Deputat Əjdər Əliyev Ali Məclis sədrinin birinci müavini vəzifəsinə 41 saylı Ordubad şəhər seçki dairəsindən deputat seçilmiş Məmmədov Bəxtiyar İbrahim oğlunun namizədliyini irəli sürüb. Deputatlardan Azad Novruzov, Təhminə Babayeva və Mübariz Bayramov təklif olunan namizədin fəaliyyətini yüksək qiymətləndirib, təklifi dəstəkləyiblər.

Təklif səsə qoyularaq qəbul edilib, Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini seçilib.

İclasda çıxış edərək, göstərilən etimada görə minnətdarlıq edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov deyib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirilməsi sosial-iqtisadi islahatların əhatə dairəsini genişləndirib, müstəqilliyimiz və dövlətçiliyimiz, xalqımızın milli birliyi və mövcud ictimai-siyasi sabitlik daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz regionda və dünyada söz sahibi olan dövlətə çevrilib. Demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolundakı fəaliyyət, hakimiyyətin bütün qollarında tətbiq edilən yeniliklər, idarəetmənin təkmilləşdirilməsi, ictimai həyatın bütün sahələrində qanunun aliliyinə riayət olunması və qanunvericilik bazasının zənginləşdirilməsi Azərbaycanda təkmil siyasi sistem formalaşdırıb.

Bəxtiyar Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik hakimiyyətinin gücləndirilməsi ilə bağlı müəyyənləşdirdiyi vəzifələrin VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin əsas fəaliyyət istiqaməti olacağına, Ali Məclisin muxtar respublikanın inkişafı istiqamətində səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.

İclası davam etdirən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov növbəti məsələnin Ali Məclis sədrinin müavininin seçilməsi olduğunu bildirib.

Deputat Ülkər Bayramova Ali Məclis sədrinin müavini vəzifəsinə 42 saylı Aşağı Əndəmic seçki dairəsindən deputat seçilmiş Abdullayev Arzu Kamal oğlunun namizədliyini irəli sürüb. Deputatlardan Bəhruz Məmmədov, Əziz Qasımov və Gülxarə Tarverdiyeva təklif edilən namizədin fəaliyyətini yüksək qiymətləndirib, təklifi dəstəkləyiblər.

Səsvermə nəticəsində Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.

Bununla da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası başa çatıb.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu