Ali Məhkəmənin adından istifadə edən 4 nəfərə cinayət işi açıldı
Ali Məhkəmənin Baş Prokurorluğa müraciəti əsasında dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 4 nəfər barəsində cinayət işi başlanıb.
Ali Məhkəmədən BEY.AZ-a verilən məlumata görə, həmin şəxslər Ali Məhkəmədə zərərçəkmişlərin tərəf olduğu işləri onların xeyrinə həll edəcəklərini vəd edərək, müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Ali Məhkəmədən bildirilib ki, bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq.
Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.