AQTA yanında İctimai Şura istehlakçılara və sahibkarlara müraciət ünvanlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
“Məlumdur ki, Ramazan ayında oruc tutan insanların qida qəbulu fərqlidir. Oruc tutan insanların imsakdan sonra gün ərzində uzun müddət qida qəbul etməməsi səbəbindən onların balanslı və keyfiyyətli qidalanmaya üstünlük vermələri tövsiyə olunur. Beləliklə, insan orqanizminin ehtiyacı olduğu qidaların balanslı şəkildə qəbulu çox mühüm amillərdən biridir”.
Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın sədri Nazim Səfərovun Ramazan ayı ilə əlaqədar istehlakçılara və sahibkarlara ünvanladığı müraciətində yer alıb.
Şura sədri Ramazan ayında oruc tutan hər kəsi qida rasionuna diqqət yetirməyə, qidalanma ilə bağlı AQTA və Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməyə çağırıb:
“İmsak və iftar üçün qidalar alarkən onların yararlılıq müddətinə və saxlanma şəraitinə diqqət yetirməyiniz vacibdir. Xüsusilə, ət və ağartı məhsulları alarkən daha da diqqətli olmaq lazımdır”.
N.Səfərov həmçinin sahibkarları da bu müqəddəs ayda daha həssas olmağa çağırıb:
“Əlbəttə, siz sahibkarlar ilin bütün aylarında müştərilərə və istehlakçılara keyfiyyətli məhsul təqdim etməlisiniz. Ramazan ayında oruc tutan insanların gün batana qədər qida qəbul etməməsini, habelə kütləvi iftar mərasimlərinin keçirilməsini nəzərə alaraq istehsal etdiyiniz və təqdim etdiyiniz məhsullara daha da həssas yanaşmağınızı xahiş edirəm”.
“Allah tutduğunuz orucu qəbul etsin, xalqımıza sağlamlıq, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”, – Şura sədri əlavə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.