Azərbaycan əleyhinə dezinformasiya yayan mərkəzlər
Azərbaycan qlobal səviyyəli dezinformasiyalardan zərər çəkən dövlətlər sırasındadır. Ölkənin strateji mövqeyi, qoşulduğu lokal və qlobal layihələr, həmçinin, Ermənistanla münaqişə vəziyyətində olması onu total xarakterli dezinformasiya axınının hədəfinə çevirir.
2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumu zamanı qeyd olundu ki, Azərbaycan öz müstəqilliyini elan etdiyi tarixdən başlayaraq bu günə qədər sistemli şəkildə dezinformasiya axınına məruz qalır. Ölkəmiz haqqında saxta xəbərlər müxtəlif mənbələr tərəfindən fərqli məqsədlər üçün yaradılaraq yayılırlar. Prezident İlham Əliyev Forumdakı çıxışında bu mənbələrdən bir qisminin ünvanını göstərdi. O, dezinformasiyaların böyük bir qisminin Ermənistandan və ermənipərəst siyasətçilərdən qaynaqlandığını vurğuladı: “Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana hücum edirlər, Azərbaycan haqqında yanlış narrativlər yayırlar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirlər” ( https://president.az/az/articles/view/66533).
Ermənistan tərəfindən yaradılan dezinformasiyalar 2020-ci ildə – 44 günlük mübaribə dövründə daha qabarıq şəkildə üzə çıxıb. 2022-2023-cü illərdə “Laçın yolu” kampaniyası fonunda davam edib. 2023-cü ilin sentyabr ayında – antiterror tədbirlərinin keçirildiyi dönəmdə pik nöqtəyə çatıb. Bu gün də eyni formada davam etdirilir.
44 günlük müharibə dövründə Azərbaycanın guya “suriyalı terrorçular”dan faydalanması barədə saxta xəbərlər yaydılar. Bu feyklər Qərb mediasının səhifələrində əks olundular. Hətta Avropanın, Rusiyanın, İranın siyasi çevrələrinin dillərindən də səsləndilər. Fransa prezidenti Emmanuel Makron “300-dən çox suriyalının Türkiyə üzərindən keçməklə Dağlıq Qarabağa – münaqişə bölgəsinə göndərildiyini” bəyan etdi ( https://www.reuters.com/article/world/middle-east/france-accuses-turkey-of-sending-syrian-jihadists-to-nagorno-karabakh-idUSKBN26L3T4/ )
Düzdür, bu iddialar öz təsdiqini tapmadı. Azərbaycanın təkidli tələblərinə rəğmən, heç bir fakt, heç bir sübut təqdim edə bilmədilər. Amma saxta xəbəri tirajlamaqdan da əl çəkmədilər. Beləliklə, 2020-ci ildə gerçəkləşdirilən 44 günlük Vətən müharibəsi əlavə bir faktı da ortaya çıxardı. Bəlli oldu ki, Azərbaycana qarşı geniş miqyaslı dezinformasiyalar təkcə Ermənistan və ermənipərəst Qərb siyasətçiləri tərəfindən deyil, həm də Cənubi Qafqazda maraq savaşı aparan dövlətlər tərəfindən istehsal edilərək yayılırlar.
Prezident İlham Əliyev II Şuşa Qlobal Media Forumunda vurğulamışdı ki, son illərdə Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir: “Regionda ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri vardır”.
Regiona yönəlik ekspansiya siyasətini gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Bu üsul və vasitələrin sırasında dezinformasiyalar yaymaq, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı hədəfə çevirib saxta xəbərlərlə gözdən salmaq metodu da yer tutur.
Problem ondadır ki, Qərbin “Cənubi Qafqazı fəth etmək” planı Ermənistanın yenidən dirçəldilməsi konsepsiyasının üzərində qurulub. Onların Azərbaycanı zəiflətmək, Ermənistana qarşı təsir imkanlarını azaltmaq, erməniləri Qarabağa qayıtarmaqla həmin ərazilərdə Ermənistanın nəzarətinə imkan verən mexanizmlər qurmaq niyyətləri var. Bu niyyətlərini gerçəkləşdirməklə, Azərbaycanı Zəngəzur dəhlizi, Qərbi Azərbaycan konsepsiyasından imtinaya məcbur etmək istəyirlər. Planın davamında Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində Bakının mövqeyini “neytrallaşdırmaq” gözləntiləri də yer alır. Öz planlarını gerçəkləşdirmək üçün dezinformasiyalar yayır, Azərbaycanda daxili ictimai rəyi çaşdırmağa səy göstərir, o cümlədən, beynəlxalq ictimai rəydə ölkəmizi gözdən salmağa çalışırlar.
Bu kontekstdə yanaşasaq, 2023-cü ildən etibarən ölkəmizə qarşı yönəlmiş dezinformasiyaların, feyk xəbərlərin kəmiyyəti daha da çoxalıb. Azərbaycanın 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri keçirməsi, nəticədə öz suverenliyini tam bərpa etməsi xarici KİV-lər tərəfindən fərqli kontekstdə, yanlış formalda təqdim edilir. Ölkəmizi Qarabağ regionunda guya “etnik təmizləmə” prosesi həyata keçirməkdə, yaxud, Ermənistanla sülh müqaviləsi bağlamaqdan yayınmaqda ittiham edən xəbərlər yayılır. Hansı ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının işğal edilməsi də, 28 il müddətində işğal altında saxlanılması da, azərbaycanlıların soyqırımına uğradılması dadünyanın gözü qarşısında baş verib. Bunun əksi olaraq, Azərbaycan 44 günlük müharibə və 19 sentyabr antiterror tədbirləri zamanı qarşı tərəfdə mülki şəxslərə xəsarətlər yetirilməməsi üçün ciddi tədbirlər görüb. Buna rəğmən, Fransa, Almaniya, ABŞ rəsmiləri və KİV-ləri Azərbaycanı “etnik təmizləmə”, “soyqırımı” və ya “məcburi deportasiya aktı” törətməkdə ittiham edən dezinformasiyalar yayırlar.
Əvvəlki məqalələrimizdə qeyd etmişdik ki, ABŞ daxil olmaqla, aparıcı Qərb dövlətlərindəki siyasi mərkəzlər tərəfindən istehsal olunub yayılan dezinformasiyalar qlobal fəlakətlərə yol açır, bütövlükdə sivilizasiyanı təhdid edir. Bunu ABŞ-nin özündə də görürlər. Donald Trampın “Truth” sosial şəbəkə platformasında yazdığı qeydlər bu faktı bir daha təsdiq edir. O, fəlakətlərə son qoymaq üçün verdiyi təkliflər sırasında dezinformasiya probleminə də yer ayırıb.
ABŞ, Fransa və digər Qərb dövlətlərində, o cümlədən, siyasi mərkəzlərdə hazırlanıb yayılan dezinformasiyaların bir qismi də Cənubi Qafqaza, məxsusən, Azərbaycana qarşı yönəlib. Xatırladaq ki, Azərbaycanın Ermənistan üzərinə hücum etməyə hazırlaşması barədə qondarma bəyanatı rəsmi müstəvidə ilk dəfə 2023-cü ilin noyabr ayında ABŞ Dövlət katibinin müavini Ceyms O’Brayn səsləndirmişdi ( https://report.az/xarici-siyaset/azerbaycan-xin-abs-dovlet-katibinin-komekcisi-ceyms-o-brayna-cavab-verib/).
Bəs “Ermənistan şəbəkəsi” tərəfindən istehsal olunan dezinformasiyalar ictimai rəyə necə ötürülür, hansı vasitələrdən istifadə olunur? Bu barədə növbəti yazılarımızda məlumat veriləcək.
Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |