Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub
Tehranda “3+3” formatında görüş çərçivəsində Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıq olub.
BEY.AZ xəbər verir, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian “3+3” regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında deyib.
Abdullahian bildirib ki, Tehranda “3+3” formatında keçirilən görüş çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramov arasında görüş Azərbaycan ilə Ermənistanın sülh və dostluq uğrunda əməli addımdır.
O qeyd edib ki, sözügedən görüş çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə söhbət etmək imkanı yaradılıb. Abdullahianın sözlərinə görə, bu görüş Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan “3+3” formatında görüşdə iştirak ediblər.
3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.