Azərbaycan XİN-dən Fransanın xarici işlər nazirinə CAVAB
BEY.AZ informasiya agentliyi xəbər verir
15 avqust tarixində Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı nəticəsində Fransa tərəfindən verilmiş açıqlama zamanı Azərbaycana qarşı irəli sürülmüş əsassız iddiaları qətiyyətlə rədd edirik.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
“Guya Laçın yolunun Azərbaycan tərəfindən “blokadada” saxlanıldığı və bunun nəticəsində “erməni sakinlərin ciddi humanitar böhranla üzləşdiyi” ilə bağlı iddialarla əlaqədar bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın Laçın yolunda vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verilməsi öhdəliyinə uyğun olaraq, eləcə də, Ermənistan tərəfindən Laçın yolundan hərbi və qeyri-qanuni iqtisadi məqsədlər üçün sui-istifadə hallarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyətinin blokada kimi qələmə verilməsi absurddur.
Bu yoldan gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə onlarla erməni sakinin hər iki istiqamətdə hərəkətinin təşkil olunduğu Fransa tərəfinə yaxşı məlumdur. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral tarixli qərarına istinad edən Fransa tərəfinin, Laçın sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması barədə Ermənistanın tələbinin sözügedən məhkəmə tərəfindən 6 iyul tarixli qərarla yekdilliklə rədd edilməsinə əhəmiyyət verməməsi də, bu ölkənin niyyətinin sağlam olmadığını nümayiş etdirir.
Həmçinin Fransa tərəfi yaxşı bilir ki, erməni sakinlərin həqiqətən də gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycan tərəfi “Ağdam-Xankəndi” və digər alternativ yollar təklif edib. Avropa İttifaqı və BQXK-nın bu yollardan istifadəyə dəstək verməsinə baxmayaraq, Fransa tərəfinin Ermənistanın manipulyasiyalarına uyaraq, bu razılaşmalara dəstək verməməsi təəssüf doğurur. Bununla yanaşı, məhz bu alternativ yollardan istifadə ilə bağlı Ermənistanın və onun tabeliyində olan separatçı rejimin əldə olunmuş razılaşmanı pozmasına Fransa tərəfinin heç bir reaksiya verməməsi, bu ölkənin bölgədə gərginliyi daha da artırmaq səylərindən xəbər verir.
30 ilə yaxın müddətdə azərbaycanlıların öz evlərindən kütləvi şəkildə qovulmasına, onlara qarşı müharibə cinayətləri törədilməsinə heç zaman əhəmiyyət verməyən Fransanın, indi Ermənistanın saxta təbliğatlarına istinadən bölgədə erməni sakinləri bəhanə gətirərək öz məkrli siyasətini yürütməyə çalışması ciddi narahatlıq doğurur.
Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini, eləcə də əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi-siyasi təxribatlarını davam etdirməsinə, Azərbaycanın ərazilərindən hələ də öz silahlı qüvvələrini tam olaraq çıxarmamasına Fransanın göz yummasının sülh prosesinə əsl maneə olduğunu da Fransa tərəfinə xatırlatmaq yerinə düşər.
Fransız nazirin Ermənistanın saxta təbliğatına inanaraq, Avropa İttifaqının Ermənistandakı Missiyası tərəfindən də yanlış olaraq dəyərləndirilən guya missiyaya qarşı atəş açılması barədə dezinformasiyaya öz açıqlamasında istinad etməsi də Fransanın bölgədə sülh və sabitliyin bərqərar olmasında maraqlı olmadığını bir daha sübut edir.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında qeyd olunduğu kimi, Avropa İttifaqının nümayəndələrinin hərəkət marşrutu Azərbaycan tərəfinə əvvəlcədən təqdim olunur. Təqdim edilmiş həmin marşruta əsasən beynəlxalq müşahidəçilərin qeyd edilən günə təyin olunmuş istiqamətə səfərinin heç bir insident baş vermədən həyata keçirilməsinə Azərbaycan tərəfi xüsusi nəzarət edib. Missiyanın səfərinin baş tutduğu ərazi heç də Ermənistanın insident baş verdiyi iddia edilən rayonda deyil, şərti sərhədin fərqli istiqamətində olub.
Son günlər şərti sərhəddə və Qarabağ iqtisadi rayonunda yeni təxribatlara zəmin yaradan Ermənistan tərəfi ənənəyə sadiq qalaraq, böhtan xarakterli məlumat yaymaqla dünya ictimaiyyətinin diqqətini yayındırmağa və bu məqsədlə Avropa İttifaqını alətə çevirməyə çalışır. Fransa tərəfinin də bu kampaniyanın alətinə çevrilməsi təəssüf doğurur” – bəyanatda deyilir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #XİNdən #Fransanın #xarici #işlər #nazirinə #CAVAB