fbpx

Azərbaycan XİN Ermənistanı tərəfinin ölkəmizə qarşı iddialarına cavab verib

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yanvarın 20-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi fikirlərlə bağlı medianın sualını cavablandırıb.

Metbuat.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sözügedən müsahibə zamanı Azərbaycana qarşı iddiaları tamamilə əsassız və qəbuledilməz olduğunu bildirən Ayxan Hacızadə deyib: “Cenevrə və Vaşinqton görüşlərinin davamı olan və Azərbaycan tərəfi ilə Moskvada keçirilməsi nəzərdə tutulan üçüncü görüşdə iştirakdan imtina etmiş və bununla prosesi pozmuş Ermənistan xarici işlər nazirinin danışıqları dayandırmadığı barədə iddiaları riyakarlıqdır.

İndiyə qədər bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın təkliflərinə, o cümlədən bütün kommunikasiyaların açılmasına, delimitasiya prosesinin irəlilədilməsinə, sülh sazişinin qısa müddətdə imzalanmasına bütün vasitələrlə maneə yaradan, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlarını davam etdirən Ermənistan tərəfinin məqsədinin bölgədə sülh və təhlükəsizlik olduğunu iddia etməsi absurddur.

Ermənistan xarici işlər nazirinin müsahibə zamanı “Dağlıq Qarabağ hakimiyyəti” kimi ifadələr səsləndirməsi, bu ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Praqa və Soçi razılaşmalarına zidd olaraq Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir. Bununla yanaşı, Azərbaycanın suveren ərazisi olan Laçın yolunun fəaliyyətinə müdaxilə etməsi Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətini hələ də unutmadığının göstəricisidir. Halbuki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın bütün dünya tərəfindən Azərbaycan ərazisi kimi tanındığını dəfələrlə bəyan edib.

Azərbaycanın Ermənistanın təkliflərinə hələ də cavab vermədiyinə dair fikirlər səsləndirmək və beynəlxalq ictimaiyyət arasında çaşqınlıq yaratmaq əvəzinə, Ermənistan naziri gərək sülh sazişinin hazırlanması üzrə ilk təklifin kimdən gəldiyi, baza prinsiplərinin ilk olaraq kim tərəfindən verildiyi, sülh sazişinin elementləri üzrə ilk layihəni Cenevrə görüşündə kimin təqdim etdiyi, eləcə də hər bir layihəyə Azərbaycan və Ermənistanın hansı müddət ərzində rəy bildirdiyi məsələlərinə aydınlıq gətirərdi. Ötən ilin dekabr ayında, Ermənistanın sülh sazişi üzrə son təkliflərini verən kimi məhz bu təkliflərlə sənədi dərhal imzalamağa hazır olduğunu bildirməsi bu ölkənin saziş üzrə danışıqlar prosesinə ciddi yanaşmadığını nümayiş etdirib. Ermənistan tərəfi proses üzrə manipulyasiya əvəzinə görüşə hazır olub-olmadığını bəyan etməlidir. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan tərəfi sülh sazişi üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır.

Bununla yanaşı, Tbilisidə Azərbaycan və Ermənistan liderləri arasında planlaşdırılan görüşə bütün səylərlə necə maneçilik törədildiyi, Azərbaycanın konstruktivlik göstərərək belə bir mümkün görüşün bəyanat layihəsinə dekabr ayının əvvəlindən təqdim etdiyi təkliflərinə Ermənistan tərəfindən hələ də cavab verilmədiyi xarici işlər naziri Mirzoyana yaxşı məlumdur.

Laçın yolu ətrafında yaranmış vəziyyətə dair bir sıra əsassız iddialara cavab olaraq bir daha xatırladırıq ki, üçtərəfli Bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Təhlükəsizlik zəmanəti, həmçinin Laçın yolundan sui-istifadənin qarşısının alınmasını ehtiva edir. Ermənistanın, Laçın yolundan sui-istifadənin qarşısını almaq əvəzinə, üçtərəfli Bəyanata zidd olaraq Laçın yolundan istifadə etməklə yeni istehsal edilmiş minaları Azərbaycana gətirməsi, Ermənistanın rəhbər şəxsləri tərəfindən də təsdiq edildiyi kimi Azərbaycan ərazisindən hələ də çıxarılmayan erməni qüvvələrinin təchizatını və rotasiyasını davam etdirməsi, Azərbaycan ərazisində qanunsuz çıxarılan təbii sərvətlərin Ermənistana nəqlini təşkil etməsi faktları bir daha sübut edir ki, Ermənistan öhdəliklərinin icrasında maraqlı deyil, Azərbaycana qarşı işğalçılıq siyasətini və beynəlxalq hüquqazidd əməllərini hələ də davam etdirir. Əvvəl Laçın yolunun bağlı olduğunu, erməni sakinlərin humanitar dəstək almadığını iddia edən nazirin, sonradan Laçın yolundan istifadə etməklə Ermənistandan qayıdan yeniyetmə uşaqların görüntülərinin kameraya çəkilməsinin qarşı tərəfə hədə-qorxu əməli kimi qiymətləndirməsi, ümumiyyətlə qeyri-sağlam təxəyyülün məhsuludur. Azərbaycan tərəfinə dəstək və yardım üçün müraciət edən erməni sakinlərlə necə müsbət rəftar edildiyi Ermənistan tərəfinə yaxşı məlumdur.

Bölgədə “böhran” yarandığı iddiası, BMT-nin, ATƏT və digər beynəlxalq aktorların humanitar müdaxiləsinə çağırış ilə bağlı qeyd edək ki, ərazilərimizi 30 il ərzində işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirməyən Ermənistanın beynəlxalq təşkilatların müdaxiləsinə çağırış etməsi absurddur. Humanitar vəziyyətə gəldikdə, özlərini erməni sakinlərin liderləri kimi təqdim edən şəxslərin təzyiqi ilə Azərbaycan tərəfindən dəstəkdən və Laçın yolundan istifadədən çəkinən erməni sakinlərin Rusiya sülhməramlı kontingenti və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə gün ərzində 10-larla nəqliyyat vasitəsi tərəfindən daşınan məhsullarla ehtiyaclarının qarşılanmasını sübut edən faktların danılması qeyri-mümkündür. Bütün bunlar, erməni sakinlərin yaşadığı ərazinin blokadada olmadığını sübut edir.

Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunmuş minaların Laçın yolundan daşınaraq ərazilərimizdə yerləşdirilməsinin müsahibə zamanı danılması və guya onların Azərbaycan tərəfindən Ermənistan ərazisindən çıxarılaraq ölkəmizə gətirildiyi arqumentləri elementar hərbi biliklərə və məntiqə sığmır. Azərbaycan tərəfi 2021-ci il Ermənistan istehsalı minaların mövcud olduğu əraziləri və belə minaların çoxlu sayda nümunələrini Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanına, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə və Rusiya kontingentlərinin rəhbərlərinə, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlərə nümayiş etdirilib. Bu minalara hərbçilər və mütəxəssislər baxış keçirib. Bu faktların danılması qeyri-mümkündür. Son onilliklər ərzində Ermənistan tərəfindən minaların istehsal və ixrac edilmədiyi barədə bəyanatların və aidiyyəti beynəlxalq platformalarda Ermənistanın hesabatlarında bu barədə iddiaların yalnız yalandan ibarət olduğu məlumdur. Misal olaraq, Ermənistanın ATƏT yanında Daimi Nümayəndəliyi hələ 2022-ci il oktyabrın 5-də ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxışı zamanı Ermənistanda mina istehsal olunmadığını bəyan etmişdi. İndi isə Ermənistan xarici işlər naziri nəinki Ermənistanda 2021-ci ildə mina istehsal edildiyini, eyni zamanda, əvvəlki təkziblərə baxmayaraq, Azərbaycanın ərazilərində aşkarlanmış sözügedən minaların Ermənistan istehsalı olduğunu təsdiqləyir. Qeyd edilənlərlə yanaşı, müsahibədə Ermənistan tərəfinin yalnız Ermənistan Respublikası ərazisində minalar basdırdığı barədə iddiaları da riyakarlıqdır. Ermənistan işğal dövründə minlərlə kvadratkilometr Azərbaycan ərazilərinin minalanmasını həyata keçirib, hazırda mina təhdidini davam etdirir və yalnız 44 günlük Vətən müharibəsindən sonra davam edən mina partlamaları nəticəsində 282 nəfər azərbaycanlı mina qurbanı olub.

Kommunikasiyaların açılması barədə Ermənistan xarici işlər nazirinin iddialarına gəldikdə bir daha xatırlatmaq istərdik ki, məhz hansı tərəfin kommunikasiya xətlərinin açılmasına maneə törətdiyi və bu istiqamətdə razılaşmalardan boyun qaçırdığı beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Azərbaycan tərəfi məhz Üçtərəfli müddəanın 9-cu bəndinə uyğun olaraq, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılmasını” tələb edir. Ermənistan üçtərəfli Bəyanatla öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə və dolayısı yolla bütün maneələrin aradan qaldırılmasına razılıq verib və bu öhdəliyinə əməl etməlidir. 30 ilə yaxın bir müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal altında saxlayan, bununla özünü bütün nəqliyyat layihələrindən təcrid edən Ermənistanın guya Şərq-Qərb, Cənub-Şimal nəqliyyat yollarını təşviq etdiyi iddiası isə yalnız təəccüb doğurur.

Öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan xarici işlər nazirinə bir daha xatırladırıq ki, sadalanan destruktiv fəaliyyət və bəyanatlar bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə, Ermənistanın əleyhinədir”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #XİN #Ermənistanı #tərəfinin #ölkəmizə #qarşı #iddialarına #cavab #verib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin