Azərbaycanın Almaniyadakı səfiri alman və digər ölkə jurnalistləri ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Berlində fəaliyyət göstərən “korrespondenten.cafe” jurnalist klubunda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Almaniya və digər ölkələrin Berlində akkreditə olunmuş 40-dan çox jurnalisti ilə noyabrın 2-də geniş görüşü keçirilib.
Metbuat.az-a səfirlikdən verilən məlumata görə, “Avropanın enerji təchizatçısı kimi Azərbaycanın rolu” mövzusuna həsr olunmuş tədbirdə məruzəçi qismində Almaniyanın UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer də iştirak edib.
Tədbirin aparıcısı, “korrespondenten.cafe” klubunun rəhbəri, tanınmış jurnalist Ewald König tədbiri açaraq, çıxış üçün sözü Azərbaycan səfirinə verib.
Səfir Nəsimi Ağayev çıxışında öncə Azərbaycan neft sənayesinin inkişaf tarixi haqda məlumat verib. Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, 1994-cü ildə xarici şirkətlərlə “Əsrin Müqaviləsi”-ni imzaladığını bildirən natiq, o zamandan etibarən Azərbaycanın daim öz öhdəliklərinə sadiq qaldığını və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etdiyini qeyd edib. Səfir həmçinin, Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen-in ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdən və tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edərək, ölkəmizin Avropanın enerji təchizatında etibarlı tərəfdaş olmasının sözügedən səfər zamanı da vurğulandığını dilə gətirib.
N.Ağayev ölkəmizin təşəbbüsü və öncüllüyü ilə həyata keçirilən layihələrdən, o cümlədən Cənubi Qaz Dəhlizindən (CQD) danışaraq, CQD-nin tərkib hissəsi olan Cənubi Qafqaz Boru xətti, TANAP və TAP layihələrinin reallaşma tarixi və bu gün böyük həcmdə Azərbaycan təbii qazını Avropaya çatdırmaları barədə məlumat verib.
Diplomat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və davamlı sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımlar barədə jurnalistləri məlumatlandıraraq, “Qarabağ münaqişəsi”nin artıq həll olunduğunu və yaranmış yeni vəziyyətin, o cümlədən Zəngəzur dəhlizinin yaratdığı imkanların regionun iqtisadi inkişafı üçün münbit şərait yaratdığını söyləyib.
Sonra çıxış edən UNIPER şirkətinin vitse-prezidenti Dr. Michael Hilmer təmsil etdiyi təşkilatın Azərbaycan ilə həyata keçirdiyi əməkdaşlıqdan bəhs edib. Azərbaycanın nəinki geniş neft və qaz ehtiyatlarına və onların Avropaya ixrac potensialına malik olduğunu, eləcə də ölkəmizdə bərpa olunan enerji mənbələri, o cümlədən günəş və külək enerjisi sahəsində böyük imkanların olduğunu vurğulayıb.
Çıxışlardan sonra səfir N.Ağayev və M.Hilmer jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.