Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Avqustun 28-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qonaqları salamlayan müdafiə naziri ordu generalı M.Gürakı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
General-polkovnik Z.Həsənov “Pençe-Kilit” antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı xəbərdən kədərləndiyini qeyd edərək Türkiyə tərəfinə başsağlığı verib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Ordumuzun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən uğurlu işlərdən danışıb və göstərilən dəstəyə görə qardaş ölkəyə təşəkkürünü bildirib.
Bu gün Azərbaycan-Türkiyə əlaqələrinin Şuşa Bəyannaməsinə əsasən müttəfiqlik münasibətlərinə söykəndiyi və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlərin görüldüyü qeyd edilib.
Nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu vardır.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən ordu generalı M.Gürak Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın daima yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hərbi əməkdaşlığımızın birliyimizi daha da gücləndirdiyini və gələcəkdə yeni imkanlar açdığını qeyd edib.
Azərbaycan və Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin tarix boyu mövcudluğu qeyd olunub və bundan sonra da daha da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanın #müdafiə #naziri #Türkiyə #Silahlı #Qüvvələrinin #Baş #Qərargah #rəisi #ilə #görüşüb