“Azərbaycanla strateji tərəfdaşlığın bütün əsas istiqamətləri nəzərdən keçirilib”
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Bakıda strateji tərəfdaşlığı və regionun inkişafı naminə sıx əməkdaşlığı təsdiqləyiblər.
Metbuat.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, XİN başçıları – İlya Darçiaşvili və Ceyhun Bayramov strateji tərəfdaşlığın bütün əsas istiqamətlərini nəzərdən keçiriblər. Onlar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd ediblər və əlaqələrin daha da dərinləşdirilməsi üçün fəal işləməyə hazırlıqlarını bildiriblər.
Görüşdə dünyada və regionda baş verən cari proseslərə də toxunulub, Cənubi Qafqazda sabitlik və dayanıqlı inkişafın önəmi qeyd edilib.
Nazirlər Gürcüstan və Azərbaycan arasında iqtisadi, energetika, ticarət və nəqliyyat sahələrində əməkdaşlığı yüksək qiymətləndiriblər, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və beynəlxalq əhəmiyyətli digər layihələr qeyd olunub. Tərəflər bildiriblər ki, bu layihələr Gürcüstan və Azərbaycanın cəlbediciliyini artırır və enerji təhlükəsizliyinin təminatı baxımından böyük potensiala malikdir.
Nazirlər pandemiyadan sonra iqtisadiyyatın bərpası dövründə ölkələr arasında artan ticarət dövriyyəsindən məmnunluq ifadə ediblər. Hər iki ölkə üçün prioritet olan turizm sahəsində əməkdaşlıq imkanlarına da diqqət ayırılıb.
XİN başçıları Azərbaycan və Gürcüstan arasında mədəniyyət, təhsil sahələrində, millətlərarası əlaqələri də nəzərdən keçiriblər və müxtəlif layihələr vasitəsilə bu əlaqələrin daha da dərinləşdirilməsi üçün göstərilən səyləri alqışlayıblar.
İ.Darçiaşvili Azərbaycana səfərinin iki ölkə arasında möhkəm dostluğa və millətlərarası sıx əlaqələrə əlavə təkan verəcəyinə ümidvarlıq ifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.