fbpx

“Aztelekom” internet probleminin həlli yolunu açıqladı

Rüya Yorumları burda


İnternetin aylıq ödənişi 25 manat olandan sonra abunəçilərə 100 Mbit/s-nin təklif ediləcəyi bildirilsə də, internetin sürəti deyiləndən aşağıdır. “Aztelekom”dan verilən açıqlamada internetin sürətində yaranan problemlərin fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi səbəbindən ola biləcəyi bildiriib.

BEY.AZ xəbər verir ki, açıqlamada həmçinin qeyd edilib ki, internet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur. Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda internet sürəti məhdudlaşa bilər. Məsələn, modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz.

Maraqlıdır, yeni modemlərin quraşdırılması internet şirkətinə məxsusdur? İnsanlar sürət problemini həll etməkçün hansı parametrli modemlərdən istifadə etsinlər? Bu barədə məlumatsız vətəndaşlar çoxdur.

Referans.az sözügedən suallarla bağlı “Aztelekom”a sorğu ünvanlayıb. Şirkətdən verilən açıqlamada bildirilib ki, modemin abunəçi tərəfindən alınması, yaxud qurum tərəfindən təqdim olunması qoşulma şərtlərində əksini tapıb:

Şirkətdən sorğuya verilən cavabda bildirilib ki, yeni sürətin təmin olunması üçün abunəçilərdə mövcud olan modemin 100 mbit/s sürəti dəstəkləməsi tələb olunur. Hazırda “Aztelekom” MMC tərəfindən 100 mbit/s internet sürəti təqdim edilir. Təqdim olunan 100 mbit/s sürət dəstəklənmədiyi, Wi-Fi ötürücülüyündə zəiflik müşahidə olunduğu halda abunəçilər modemi dəyişdirə bilərlər.

Rüya tabirlerini burdan oku

“Modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürəti təmin edə bilməz. Wi-Fi marşrutlaşdırıcılarının bəzi parametrləri (kanal seçimi, bant genişliyi) düzgün qurulmadıqda da Wi-Fi üzərindən internet sürətinin əhəmiyyətli dərəcədə azalması müşahidə oluna bilər. İnternet sürətinin 100 Mbit/s olması üçün istifadə edilən cihazlar da (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya “Ethernet” portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə oluna bilər. Daha sonra Wi-Fi dalğalarının yayılması ətraf mühitdən və istifadə olunan dalğa bantlarından asılıdır. 2.4 GHz bantı daha geniş əhatə dairəsini təmin etsə də, daha aşağı sürət təqdim edir və müdaxilələrə daha həssas olur. 5 GHz bantı isə daha yüksək sürət təmin etsə də, əhatə dairəsi məhduddur. Əgər sözügedən dalğalar düzgün konfiqurasiya edilməsə, internet sürətində azalma müşahidə oluna bilər”, deyə şirkətdən bildirilib.

“Aztelekom” MMC tərəfindən sonda bu da nəzərə çatdırılıb ki, internet surətinin 100 mbit/s olması ilə bağlı məlumat 30 gün öncədən ictimai qaydada açıqlanıb və 15 avqust 2024-cü il tarixindən dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməkdədir. Yarana biləcək hər hansı texniki nasazlıqlarla qarşılaşdıqları halda “Aztelekom” abunəçiləri “170” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı Referans.az-a İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev münasibətini bildirib:

“İstifadəçilərin ən çox eşitdiyi internet avadanlıqları “modem” və ya “router” avadanlığıdır. Hər ikisi eyni vəzifəni həyata keçirsələr də, işləmə texnologiyaları tamamilə bir-birindən fərqlidir, əslində isə fərqli avadanlıqlardır. Modem adətən köhnə(analoq) texnologiyanı rəqəmsal texnologiyaya çevirən avadanlıqdır. Yəni modem hər zaman hər hansı analoq şəhər telefonuna bağlı olur və telefon üzərindən bizə gələn interneti qəbul edir. Yəni internet ofisimizə və ya evimizə bu formada ötürülə bilir. “Router” isə daha müasir avadanlıqdır. Təbii ki, koorperativ və ev üçün müxtəlif imkanlara sahib olan “router”lər mövcuddur. Modem texnologiyasının keçmişdə qaldığını, yeni “router” avadanlıqlarının dövriyəyə girdiyini müşahidə edə bilərik”.

Müsahib deyir ki, artıq modem gündəmin tələblərinə cavab vermir. Lazımı sürətdə işləmir və məhdudiyyətlərə sahibdir:

“Buna baxmayaraq, “router”lərin marka, model və parametrlərinə düzgün seçildiyi halda məhdudiyyətlər mövcud deyil. “Router”lərin də müxtəlif növləri var və bu avadanlıqlar bir- birindən fərqlənsələr də, mahiyyət etibarilə eyni prosesi həyata keçirirlər. Provayderlərə gəldikdə isə, qeyd edim ki, əsasən özlərinin texnologiyasına uyğun olaraq internet təminatçısı rolunu oynaya bilirlər. Hazırda demək olar ki, Azərbaycanın böyük hissəsi genişzolaqlı internetlə təmin olunub. GPON texnologiyası fibrooptik kabellər vasitəsilə işləyir və hər birimizin evində olan “router” avadanlığına birbaşa olaraq fiber optik kabellə qoşulur. Fiber optik kabel ətraf mühitdən heç bir formada təsirlənmir. Sürət olduğu kimi qəbul olunur və oradan istifadəçilərə paylana bilir. GPON texnologiyası mövcud olmayan bəzi provayderlər də var ki, həmin provayderlər öz mərkəzi qurğularından istifadəçilərə “ethernet (CAT5, CAT6, CAT7)” xətti ilə internet verməyə çalışırlar. Təbii ki, “ethernet” xəttinin ətraf mühitdən təsirlənməsi, keyfiyyəti və məsafəsi ilə bağlı müəyyən məhdudiyyətləri vardır”.

Bəhruz Əliyev provayderin əsas qurğusu ilə istifadəçinin “router”i arasındakı məsafənin 80 metri aşmamasını tövsiyə edib. Çünki kabelin keyfiyyət növündən asılı olaraq sürətə ciddi təsirləri ola bilər. Müsahib ümid edir ki, gələcəkdə bütün provayderlər GPON texnologiyasına və ya fiberoptik texnologiyanın hər hansı bir üsuluna keçərək, istifadəçilərə müvafiq sürətli internet verə biləcəklər: “Evə gələn internetin “router”lər üzərindən qəbul edilməsi və onun paylanması ilə bağlı məsələlərə xüsusi baxmaq lazımdır. Təbii ki, “router”in sazlanmasından çox şey asılıdır. İstifadəçilər çox vaxtı interneti mobil səviyyədə, yəni Wi-Fi üzərindən qəbul edir. Amma, “router”lərin həmin interneti xətti üzərindən vermək imkanı da var. Sürətin dəqiq şəkildə ölçülməsindən danışarkən, tövsiyə edərdim ki, “router”in müvafiq portu vasitəsilə xətt üzərindən interneti öz qurğularına, yəni notebooklarına daxil edib, sürəti o formada ölçsünlər. Bu formada internet sürətini dəqiq ölçmək imkanımız var. Amma, “router”ə qoşulmuş Wi-Fi avadanlığı vasitəsilə sürətin düzgün ölçülməsində müəyyən problemlər yarana bilər. Çünki burada qurğunun işləmə performansı, qəbuledicinin sürəti, eyni zamanda “router”lə telefon arasındakı məsafə sürətə ciddi təsir edən məqamlardır. İndi Wi-Fi texnologiyaları əsasən 2.4 və 5.0 GHz dalğa diapazonları ilə çalışır. Təbii ki, burada kanallar üzrə uyğun sazlamanı aparmağa ehtiyac var və ətrafda olan digər Wi-Fi avadanlıqları bizim “router”imizin yaydığı kanal tezliyi ilə üst-üstə düşdükdə, şəbəkədə müəyyən “şum” yaranır və bu da internet sürətinin aşağı düşməsinə, gecikmələrə səbəb olur. Ona görə də tövsiyə edərdim ki, əgər “router”i kimsə özü alıb gətirir və avadanlığı internetə qoşursa, bu işi mütəxəssisə həvalə etsin”.

Mütəxəssis “Bəzi provayderler də var ki, öz “router”lərini təqdim edirlər. Bu zaman vətəndaşlar “router”in parametrləri barədə ətraflı məlumat öyrənsinlər və quraşdırılmanı elə tələb etsinlər ki, hər hansı problem yaşanmasın. Bəzən “router”in olduğu yeri ilə, otaqlar arasındakı məsafə və ya digər Wi-Fi qurğuları ilə “router” arasındakı məsafə sürətə mütləq təsir edir. Hesab edirəm ki, bu kimi sadə texniki qaydalara diqqət eləsələr, sürətlə bağlı ciddi problem yaşamayacaqlar”, – deyə sözlərinə əlavə edib.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu