Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkildi
Bakı – Sumqayıt istiqaməti üzrə yola avtobus zolağı çəkilib.
Metbuat.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatmalarını təmin etmək məqsədilə həmin yolun hələlik bir istiqamətində, Xırdalan dairəsindən bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində avtobus zolağı çəkilib.
Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan işlər çərçivəsində yolda avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və nişanlar quraşdırılıb.
Avtobus sürücüləri də deyirlər ki, zolağın çəkilməsinə ehtiyac var idi.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, paytaxt ərazisində avtobus zolaqlarının çəkilməsi ictimai nəqliyyatın inkişafına verilən bir dəstəkdir. Ekspert deyir ki, hər iki istiqamət üzrə zolaq çəkilərkən təhlillər aparılmalı və giriş-çıxış nöqtələri dəqiq yerlərdən qoyulamlıdır. Elməddin Muradlının sözlərinə görə, bu yolun başqa bir problemi də var ki, avtobus zolağı onun həllinə kömək etməyəcək.
Qeyd edək ki, əks istiqamət üzrə isə ”Şamaxinka” adlanan ərazidən ”Masazır” dairəsinə kimi avtobus zolağının çəkiləcəyi bildirilir. Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marsrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140 minə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq. Zolağa nəzarət xüsusi texniki vasitələr və ərazidə xidmət aparan yol polisi əməkdaşları tərəfindən ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtobus zolağı istifadəyə verilib və bu tələbi pozanlar cərimə ediləcəklər. Tələbi pozan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Daha ətraflı videoda: