“Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq” FIA prezidenti
Formula 1 Azərbaycan Qran-Prisi qadınların fəal rolunu vurğulamaq üçün bir ilkə imza ataraq Bakı Şəhər Halqasının həlledici, 16.2-ci döngəsində “Qadın Marşal Postu” yaradıb.
BEY.AZ xəbər verir ki, artıq üçüncü ildir ki, tətbiq edilən bu təşəbbüslə qadın marşallar yarış əməliyyatlarında ön sıralarda olur ki, bu da yeniliyə və tədbirin əhəmiyyətli məqamına çevrilir. Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev və Azərbaycanda səfərdə olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem bu gün qadın marşallarla görüşüb.
“Qadın marşallarımızın 16-cı döngədə yerləşən postu yarışın gələcəyində onların töhfələrinin nə qədər vacib olduğunu göstərir. Qadınları belə mühüm bir posta yerləşdirməklə, biz sadəcə onların nailiyyətlərini qeyd etmirik, eyni zamanda daha inklüziv və dinamik bir idman üçün yol açırıq. Qlobal miqyasda motoraport inkişaf etdikcə, Bakı Şəhər Halqasının “Qadın Marşal Postu” bu idmanın müxtəlifliliyi qəbul etdiyini və qadınlar üçün daha çox imkanlar yaratdığını nümayiş etdirir” – deyə BŞH-nin baş direktoru Maqsud Fərzullayev bildirib.
Hazırda Azərbaycan Qran-Prisinin ümumi marşal heyətinin 36 faizini təşkil edən qadınlar kişi həmkarları ilə mühüm vəzifələri yerinə yetirir, o cümlədən trekdə baş verən hadisələri idarə edir və yarış əməliyyatlarını nəzarətdə saxlayırlar.
FIA prezidenti Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qadınların idmandakı nüfuzunun artması üçün bu cür təşəbbüslə çıxış etməsinin qürurverici olduğunu diqqətə çatdırıb: “Bərabərlik, müxtəliflilik və inklüzivlik siyasəti FIA-nın başlıca qayəsi olmaqla, qadınların idarəçilik mövqeyinin artmasına töhfə vermək vacib məqsədlərimizdəndir. Ümid edirəm ki, Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |