Bayram günlərində yol qəzalarında 16 nəfər öldü
Azərbaycanda bayram günlərində baş verən qəzalarda ölənlərin sayı açıqlanıb.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev məlumat verib.
O bildirib ki, bayram günlərində 28 yol qəzası qeydə alınıb: “Baş verən qəzalarda 16 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb”.
E.Hacıyev əlavə edib ki, Baş Dövlət Yol Polis İdarəsi sürücülərə yollarda diqqətli olmaları ilə bağlı müraciətlərini sosial şəbəkələrdə, eləcə də media subyektləri vasitələri ilə çatdırıb:
“Lakin təəssüflə bildirmək istərdim ki, olunan xəbərdarlıqlara, görülən tədbirlərə baxmayaraq, bəzi sürücülər hələ də yol hərəkəti qaydalarına qarşı biganə yanaşırlar. Bu yol nəqliyyat hadisələrinin baş verməsində əsas səbəblərdən biri də bəzi sürücülərin sürət həddini aşmaları olub. Nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz formada istifadə edilməsi, eləcə də nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə yol qəzalarına gətirib çıxarır. Bildirmək istərdim ki, bayram günlərində Dövlət Yol Polisinin əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılıb. Bizim də əsas məqsədimiz sürücülərin, hərəkət iştirakçılarının mənzil başına rahat və təhlükəsiz çatmasını təmin etməkdən ibarətdir. Bir daha bildirmək istərdim ki, bütün nəqliyyat vasitələri sürücüləri yol hərəkəti qaydalarına qarşı tam və ciddi şəkildə riayət etsinlər”.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |