Beynəlxalq konfrans iştirakçıları Prezidentə müraciət ünvanladılar
Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
BEY.AZ xəbər verir ki, mətni “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin icraçı direktoru Abbas Abbasov oxuyub.
Müracətdə deyilir:
“Biz Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 20 oktyabr 2023-cü il tarixində Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən konfransın iştirakçıları olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığımızı bildiririk.
Konfransın iştirakçıları olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müraciətini yüksək qiymətləndirir və ədalət və azadlıq uğrunda haqlı mübarizəmizə ardıcıl dəstəyinə görə minnətdarlığımızı bildiririk.
Bundan əlavə, biz Azərbaycan Respublikasının Qoşulmama Hərəkatının fundamental prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, habelə BMT Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərə sadiqliyini yüksək qiymətləndiririk.
Biz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə gördüyü işləri, irəli sürdüyü təşəbbüsləri və təşkilatın fəaliyyətinin genişləndirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımları, xüsusən də, müstəmləkəçiliyə qarşı mübarizədə qətiyyətli mövqeyini alqışlayırıq.
Əminik ki, bizim kollektiv və ədalətli mübarizəmiz, eləcə də dünya ictimaiyyətinin bununla bağlı artan tələbi dekolonizasiya ilə bağlı lazımi addımların atılması, təbii hüquq və azadlıqlarımızın təmin olunması ilə nəticələnəcək.
Biz Bakı Təşəbbüs Qrupunun bu ilin iyulunda Bakıda və sentyabrda Nyu-Yorkda təşkil etdiyi tədbirlərin yekun sənədlərində öz əksini tapmış prinsipial mövqeyimizin düzgünlüyünü və aktuallığını bir daha təsdiqləyirik”.