Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb. Mütəxəssislər bunun səbəbini 2023-cü ilin oktyabr ayında təsdiq olunan yeni qərarla əlaqələndirirlər.
Əmlak eksperti Elnur Fərzəliyev BEY.AZ-a açıqlamasında bildirib ki, qərara əsasən, artıq çıxarışı olmayan torpaqlar üzərində tikiləcək yaşayış evlərinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub:
“Yəni vətəndaş hər hansı bir torpaq sahəsi alıb, onun üzərində fərdi yaşayış evi tikmək istəyirsə, mütləq şəkildə həmin torpağın çıxarışı olmalı və çıxarışda təyinatı yaşayış məntəqələri torpaqları olmalıdır. Təbii ki, həmin dövrə qədər bələdiyyə sənədləri və digər sənədlərlə hətta digər təyinatlı torpaqlar üzərində vətəndaşlar 10 minlərlə, hətta 100 minlərlə fərdi yaşayış evləri tikmişdilər. Artıq tələb ondan ibarətdir ki, mütləq çıxarış olmalıdır və çıxarışlı torpaqların sayı az, qiymətləri də kəskin baha olduğuna görə fərdi həyət evlərinə tələbat azalıb”.
Ekspertin sözlərinə görə, Dövlət Statistika Komitəsi yalnız rəsmi sənədlər üzərində statistika aparır, fərdi həyət evlərinin böyük bir hissəsinin isə çıxarışı yoxdur:
“Bu mənzillər vətəndaşlara bir-birinə qarşılıqlı razılaşma və yaxud etibarnamə əsasında satılır. Onların satışı rəsmi portal üzərindən olmadığına görə satılan fərdi həyət evlərini dəqiq statistikasını aparmaq mümkün deyil. Bu baxımdan artıq 2025-ci ildə həyət evlərinin çıxarışla təmin olunması gözlənilir. Əgər çıxarışsız fərdi həyət evləri çıxarışla təmin olunarsa, o zaman artıq sənədsiz evlərin dəqiq statistikası aparıla bilər. Ümid edək ki, bu il ərzində artıq yeni portal yaradılar və onun vasitəsilə vətəndaşlar öz əmlaklarına çıxarış ala bilərlər. Təbii ki, vətəndaşların çıxarışlarının olmamasından vətəndaşlar əziyyət çəkdiyi kimi, dövlət də büdcəsindən yararlana bilmir. Çünki çıxarışı olmayan əmlaklar əmlak və torpaq vergisinə cəlb oluna, sığortalana, ipoteka predmetinə çevrilə bilmir və bu da özlüyündə iqtisadiyyatımızı çox böyük gəlirlərdən məhrum etmiş olur”.
Əmlakçı Mülkədar Rüstəmov isə Bakıda həyət evlərinin ucuz olduğu ərazilərdən danışıb:
“Bakı şəhərində ucuz evlər, xüsusilə fərdi, ya bina evləri əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa qəsəbəsi, Binə və Qobu istiqaməti nəzərdə tutulur. Son 1-2 xüsusilə bölgələrdən gələn vətəndaşlarımız Xəzər rayonu Binə qəsəbəsinə daha çox axın edirlər. Bunun da əsas səbəbi büdcələrinə uyğun olan münasib ev tapmaqdır. Orada hətta 18-20 minə də ev tapmaq mümkündür. Kiçik birotaqlı fərdi evlər satılır və bunların əksəriyyəti makler evləri kimi tanınır. Bu ərazilərdə torpaq da ucuzdur. Vətəndaşlarımız ucuz torpaq alıb, özləri ev inşa edirlər. Bir çoxları da hazır ev almağa üstünlük verirlər. Sadəcə olaraq oradakı evlərin əksəriyyəti sənədsizdir, buna görə də risk altındadır”.
M.Rüstəmov qeyd edib ki, Masazır istiqamətində evlərin qiymətində endirim müşahidə olunur:
“Son vaxtlar burada kütləvi satışlar çoxalıb. Xırdalan Masazır istiqamətində bir çox əhali evlərini satmağa üstünlük verdi. Bunun da səbəbi oradakı sıxlıqla əlaqəlidir. İstəyirlər ki, rahat gəliş-gedişi olan bir ərazidən ev alsınlar. Bundan başqa, Abşeron rayonu, Saray istiqaməti və Mehdiabad istiqaməti, Savalan istiqaməti son vaxtlar inkişafdadır”.
Sevinc İbrahimzadə / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |
Ana Sayfa